Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə qəbul edilən demokratikləşmə paketi çərşivəsində siyasətçilər ölkədə keçirilən seçkilər zamanı Azərbaycan dilində də təşviqat apara biləcəklər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.
Məlumatda o da qeyd olunur ki, Azərbaycan dili ilə yanaşı ölkə ərazisində ümumilikdə 36 dildə təşviqat aparıla biləcək.
Qeyd edək ki, demokratik dəyişikliklər paketində aşağıdakılar yer alıb:
Seçim sistemi dəyişdirilir; siyasi partiyalar üçün seçki baryeri ya 10 faizdən 5 faizə salınır, ya da ləğv edilir; Baş örtüyünə qoyulan qadağa aradan qaldırılır; İbtidai məktəblərdə şagird andiçməsi ləğv edilir; Özəl məktəblərə müxtəlif dil və ləhcələrdə tədris imkanı verilir; Siyasi partiyalara dövlət yardımı ilə bağlı qanun dəyişdirilir; Kənd və qəsəbə adlarının dəyişdirilməsi asanlaşdırılır; Siyasi partiyalara üzvlüklə bağlı maneələr aradan götürülür; Müxtəlif dil və ləhcələrdə siyasi təbliğat hüququ qüvvəyə minir; Nevşəhər Universiteti Hacı Vəli Bektaşi adlandırılır; Mor Qabriel monastırı Dəyanət vəqfinə verilir; Roman Dil və Mədəniyyət İnstitutu qurulur; Türkiyədə milli ayrı-seçkilik və nifrət təbliğatı qadağan edilir.