Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
İranın uranı zənginləşdirmək hüququ Nüvə silahının yayılmamasına dair müqavilə (NSYM) ilə təmin olunur və müzakirə edilə, eləcə də digər ölkələr tərəfindən qadağan edilə bilməz. Bunu İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, ölkənin nüvə proqramı üzrə əsas elçisi Abbas Əraqçi Trend-ə eksklüziv açıqlamasında deyib.
ABŞ dövlət katibi Con Kerrinin "İranla nüvə sövdələşməsinə uranın zənginləşdirilməsi hüququ daxil deyil" sözlərini şərh edərkən nazir müavini qeyd edib ki, "bu məsələ ilə bağlı bəzi anlaşılmazlıqlar mövcuddur, çünki İranın uranı zənginləşdirmək hüququ hər hansı ölkə tərəfindən məhdudlaşdırıla bilməz".
İran və dünyanın altı lider dövləti noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar.
A.Əraqçi qeyd edib ki, İranın uranı zənginləşdirmək hüququ NSYM, eləcə də digər beynəlxalq sazişlərlə təmin olunur: "İranın uranı zənginləşdirmək hüququ var və bu hüquq digər ölkələr tərəfindən verilib-alına bilməz. Bu hüququn digər ölkələr tərəfindən tanınıb-tanınmaması heç nəyi dəyişmir. Biz başqa ölkələrin bu hüquqa hörmət edəcəklərini və onun reallaşdırılmasını qəbul edəcəklərini gözləyirik. Bu məsələ Cenevrədə bağlanan sövdələşməyə daxildir və "altılıq", o cümlədən ABŞ razılaşıb ki, İranın uranın zənginləşdirilməsi proqramı davam edəcək. İranın uranın zənginləşdirilməsi hüququ Cenevrə sövdələşməsi ilə praktiki olaraq stabilləşdirilib".
İranın yaxın aylar ərzində prioritetlərini açıqlayan A.Əraqçi qeyd edib ki, "bu günlərdə imzalanan sövdələşmə uzunmüddətli prosesdə ilk addımdır".
O deyib ki, tərəflər yekun saziş üzrə danışıqlara başlamalıdırlar.
Nazir müavininin sözlərinə görə, sazişin bütün müddəalarına vaxtında əməl olunmalıdır və bu müddəaların hamısı eyni əhəmiyyətı malikdir. Çünki onların hamısı İran üçün prioritet təşkil edir.
A.Əraqçi, həmçinin vurğulayıb ki, İranın ABŞ-da və ya başqa ölkələrdəki aktivləri dondurulmayıb və ölkənin həmin aktivləri İran banklarına sanksiyalara görə köçürülə bilməyən neft ixracından gələn gəlirlərdir.
Nazir müavininin sözlərinə görə, Cenevrədə imzalanmış müqavilə əsasında İranın dondurulmuş aktivlərinə çıxış üçün xüsusi bank mexanizmi müəyyənləşdirəcək və onun əsasında İran bu pullardan müəyyən məqsədləri üçün istiafdə edəcək.
A.Əraqçi Cenevrə müqaviləsi ilə əlaqədar əlçatan olacaq aktivlərin dəqiq məbləğini açıqlamayıb və bildirib ki, "məbləğ İranın tibbi preparatlara olan ehtiyaclarına və qidalanmanın məhsullarının idxalına görə müxtəlif ola bilər və miqdarı böyükdür".
Nazir müavini deyib ki, aktivlər İrandan neft alan ölkələrdə dondurulub.
Qeyd edək ki, İran hökumətinin sözçüsü Məhəmməd Bakir Nobəxt dünən IRNA agentliyinə bildirib ki, İranın səkkiz milyard dollara yaxın aktivi ABŞ-da dondurulub: "Nüvə sövdələşməsi ölkə iqtisadiyyatına müsbət təsir edir və sanksiyalar zamanla zəifləyəcək". Onun sözlərinə görə, dondurulmuş aktivlərdən artıq istifadə etmək mümkündür, lakin hələlik İran hökuməti pulları milli valyutaya çevirməyəcək.
İranın dondurulmuş aktivləri ilə bağlı konkret rəqəmlər yoxdur. Lakin АР agentliyi oktyabrın 18-də İranın aktivlərinin 50-75 milyard dollar civarında olduğu barədə məlumat vermişdi.
Aİ üzvləri ilə Cenevrədə imzalanmış plan əsasında sanksiyaların ləğvi barədə danışıqların mümkünlüyünə dair sualı cavablandıran A.Əraqçi deyib ki, bu, Avropa ölkələrinin daxili inzibati məsələsidir və onu Aİ-nin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton həll etməlidir.
Cenevrə sazişinin bəzi maddələrinə yenidən baxılmasının mümkünlüyünü şərh edən nazir müavini qeyd edib ki, "sövdələşmə hər iki tərəflə razılaşdırılıb. Təxminən bir aydan sonra razılaşmanın həyata keçirilməsinə başlanacaq".