...

Politoloq: ABŞ-ın Ermənistan siyasəti şübhə mənbəyidir

Siyasət Materials 9 Yanvar 2014 13:25 (UTC +04:00)
Məntiqlə ABŞ Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsində maraqlı olmalıdır. ABŞ-ın siyasəti, xüsusilə onun Ermənistandakı səfirliyinin ifasında tam tərsinədir.
Politoloq: ABŞ-ın Ermənistan siyasəti şübhə mənbəyidir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/

Məntiqlə ABŞ Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsində maraqlı olmalıdır. ABŞ-ın siyasəti, xüsusilə onun Ermənistandakı səfirliyinin ifasında tam tərsinədir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun fikrincə, Rusiya Ermənistanın müstəqilliyini boğursa, ABŞ-ın nöqteyi-nəzərində Türkiyə Ermənistana nəfəs verməlidir: "Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri ABŞ üçün göydəndüşmə fürsət olmalı idi. Səfir Con Heffern 2 dəfə bu məsələyə münasibət bildirdi. Hər ikisində pessimizm əhval-ruhiyyəsi yaratdı. Səfir Heffern Ə.Davudoğlunun Ermənistana səfəri ərəfəsində ABŞ dövlət katibi Con Kerrinin Ermənistana gələcəyi bəyanatını verdi. Bununla da o, Ə.Davudoğlunun səfərini və eləcə də Türkiyənin regional rolunu aşağıladı".

M.Əhmədoğlu əlavə edib ki, Ermənistanla əlaqəli məsələlərdə əsas söz sahibi Türkiyə deyil, ABŞ-dır: "C.Kerrinin Yerevana səfər edəcəyi ilə bağlı bəyanata zərurət yox idi. C.Kerri Ermənistan və Azərbaycan xarici işlər nazirlərini qəbul edərkən belə fikir bildirdi. Şərait elə gətirdi ki, C.Kerrinin regiona səfəri baş tutmadı. Çox böyük ehtimalla C.Kerrinin regiona səfəri aktuallığını itirib".

Politoloq qeyd edib ki, Ermənistan ucuz qaz axtarır: "Azərbaycan ucuz qaz təklif edir. Rusiya ucuz qazla Ermənistandan dövlətçiliyini alır və Qarabağa sahiblənir. ABŞ bir dəfə də olsun Azərbaycan qazının Rusiya qazını əvəzləməsinin Ermənistan üçün faydalı olmasına münasibət bildirməyib".

M.Əhmədoğlunun sözlərinə görə, ABŞ-la Rusiya arasında bütün dünyada kəskin mübarizə gedir: "Müharibənin sərhədləri Arktikaya qədər gedib çatır. Diplomatlar şərlənir, səfirliklərə qarşı terror hadisələri törədilir. ABŞ-la Rusiyanın münasibətləri gərginləşən kimi Şimali Qafqaz mənşəli terror hadisələrinin sayı artdı. Belə vaxtda ABŞ-ın Ermənistanı Gömrük İttifaqına (Gİ) qoşmaqla işğal edən RF-yə loyal yanaşması normal məntiqlə izah olunmur: Erməni xalqı Gİ-yə və ya Aİ-yə seçim edə bilər".

M.Əhmədoğlu deyib ki, Vorotan SES-in 180 milyon dollara ABŞ-a satılması ilə bağlı Ermənistanın Nazirlər Kabineti qərar qəbul edib: "Mətbuat Ermənistan hökumətinin Rusiyanın təsiri ilə Putinin səfəri zamanı Vorotan SES-i ABŞ-a satmaqla bağlı qərarını ləğv etdiyini yazır. RF-nin ABŞ-ın sövdələşməsinə qarşı belə addımı ABŞ tərəfindən reaksiyasız qalıb".

Politoloq deyib ki, ABŞ Müdafiə Nazirliyinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə müavini Evelina Farkas Ermənistanda müdafiə naziri, onun müavini və digər rəsmilərlə görüşdükdən sonra Ermənistanın Global Sülhməramlı Əməliyyatlar Proqramına (GPOI) qoşulduğunu bildirdi: "ABŞ-ın yeni sülhməramlı missiyaya ehtiyacı yoxdur. Ehtiyacı olsaydı, bunu ilk olaraq Gürcüstanla müzakirə edərdi. Ola bilər, ABŞ-la Ermənistan arasında gizli hərbi layihələr bu ad altında gizlədilir. Əslində ABŞ-ın Ermənistan üzərindəki siyasətində bu məntiqsizliklər şübhə yaratmalıdır. Müxtəlif halların meydana çıxması da bununla izah oluna bilər. ABŞ-ın Ermənistandakı səfirliyinin binası qarşısında minalanmış avtomobilin olması barədə ABŞ səfirliyinə yaxın mənbələr məlumat yaydı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti