Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir R.Hafizoğlu/
"Əl-Qaidə" və "İraq və Şamda İslam Dövləti" terror təşkilatları İraqın əl-Ənbar vilayətindəki siyasi vəziyyətdən sui-istifadə edərək ölkədə təhlükəsizliyi pozmağa çalışırlar. Bu barədə İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrakın Trend-ə daxil olan bəyanatında deyilir.
Səfir qeyd edib ki, İraq hökuməti toqquşmaların və problemlərin yaranmasının qarşısını almaq üçün əl-Ənbar vilayətinin Ramadi şəhərindən hərbi birləşmələri çıxarmaq barədə qərar verib.
Onun sözlərinə görə, ölkə ərazisində toqquşmalar heç də irqi, məzhəb və ya tayfa münaqişəsi zəminində deyil, İraq dövlətinin terrorla mübarizəsi zəminində baş verir: "Bəzi ərəb peyk kanallarının hadisələri işıqlandırma tərzi qərəzlidir və həqiqətəuyğun deyil ki, bu da hadisələr barədə yanlış rəy formalaşdırır".