...

Sərdar Cəlaloğlu: Xədicə İsmayılova qərəzli jurnalistdir

Siyasət Materials 13 Fevral 2014 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, jurnalist Xədicə İsmayılovanın hazırladığı bildirilən hesabatda adının hakimiyyətə çalışan siyasətçilər arasında çəkilməsi onu gözdən salmaq üçün edilib.

S.Cəlaloğlu Trend-ə bildirib ki, bu, tamamilə uydurma bir şeydir: "Mən orada qeyd olunan, guya, məni koordinasiya edən adamı heç tanımıram. Azərbaycanda hamı məni tanıyır. Mən təxminən 30 ildir ki, siyasətdəyəm, mənim idarə edilib-edilməyən adam olduğumu hər kəs bilir. Müxalifətdəki yoldaşlar da bilirlər ki, mən heç vaxt müxalifətdə ümumi talpaya qoşulub xornan oxumamışam, iqtidar da bilir ki, mən düzgün hesab etdiyim məsələni həyatım boyu heç kəsə güzəştə getmərəm. Bu mənada, mənimlə bağlı yazılan yazı da məni kiçiltmək, təhqir etmək məqsədi güdür. Bu, tamamilə əsassız informasiyadır".

ADP sədri qeyd edib ki, Azərbaycanda həm müxalifətdə, həm QHT-lərdə, həm də mətbuatda müəyyən qüvvələr var ki, beynəlxalq təşkilatlarla əlaqə saxlayarkən özlərini daha demokratik göstərmək üçün demokratik kəsimə böhtan atırlar.

S.Cəlaloğlu əlavə edib ki, Xədicə İsmayılova qərəzli jurnalistdir: "Məndən də bir neçə dəfə müsahibə götürüb və bütün dinləyicilərin eşidəcəyi qaydada demişəm ki, sən özünü jurnalist kimi aparmırsan, bir tərəf kimi aparırsan. Burada verilən sualları da siz özünüz hazırlayırsınız. Amma adama elə gəlir ki, guya o sualları vətəndaşlar verir".

ADP sədri bildirib ki, Xədicə İsmayılova hansısa məsələyə şərh verir, amma faktı gizlədir: "Xədicə İsmayılova həm də siyasətçi kimi, tərəf kimi çıxış edir, müəyyən qüvvələri müdafiə, müəyyən qüvvələri isə gözardı edir. Mənə qarşı da onun sağlam münasibəti yoxdur".

Qeyd edək ki, Xədicə İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti