Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir İ.İzzət/
"Çox təəssüf ki, Rusiyada yaşayan azərbaycanlılar, "Milyarderlər klubu"nun üzvləri və digərləri indiyədək Jirinovskiyə ertiraz məktubları göndərməyiblər. Hesab edirəm ki, əgər azərbaycanlılar Rusiya daxilində bir neçə il bundan qabaq Jirinovskinin sərsəm fikirlərinə münasibət bildirsəydilər, o özünü yığışdırardı. O, başa düşərdi ki, Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlı var və onlar seçkilərdə Jirinovskinin əleyhinə səs verərlər".
Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü, tarixçi, professor Musa Qasımlı Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiyi təhqiramiz ifadələrə münasibət bildirərkən deyib.
M.Qasımlının fikrincə, V.Jirinovski müəyyən bir qrupun sifarişini yerinə yetirir. O, axmaq adam deyil, tapşırıq yerinə yetirir.
Millət vəkilinin sözlərinə görə, V.Jirinovski türkoloq olsa da, türk xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixini çox pis bilir: "Siyasi sifarişi yerinə yetirməzdən əvvəl Jirinovski düşünməliydi: Kremli hansı xalqın nümayəndələri tikib? Rusiya Şərqşünaslıq elminin banisi, əsasını qoyan hansı xalqın nümayəndəsidir? "Rus artilleriyasının Allahı" hansı xalqın nümayəndəsidir? Rusiya müsəlmanlarının lideri hansı xalqın nümayəndəsi olub? I Dünya Müharibəsi illərində Rusiya süvari hissəsinin ən görkəmli komandiri olan general hansı xalqın nümayəndəsi olub? Müsəlman Şərqinin ilk cümhuriyyətini hansı xalq yaradıb? II Dünya müharibəsi illərində Moskvanı, Leninqradı, Stalinqradı faşist işğalçılarından qoruyan görkəmli hərbçilər içərisində onun tanımadığı, qəbul etmədiyi xalqın nümayəndələri də olub. Nəhayət, Jirinovski belə bir suala cavab verməliydi: Sovet kosmonavtlarını son olaraq kosmosa yola salan dövlət komissiyasının sədri hansı xalqın nümayəndəsi idi? Əgər Jirinovski bu məsələləri xatırlasaydı, heç bir zaman siyasi sifarişi yerinə yetirməzdi".
Xatırladaq ki, V.Jirinovski çıxışında qeyd edib: "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı".