Azərbaycan, Bakı, 27 mart / Trend, müxbir T.Cəfərov /
İran prezidenti Həsən Ruhani bu gün səhər Əfqanıstana gedib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının iribnews rəsmi xəbər saytı məlumat verir.
Beynəlxalq Novruz bayramı tədbirləri ilə yanaşı, Kabildə İran, Pakistan, Əfqnıstan və Tacikistan prezidentlərinin dördtərəfli görüşü də keçiriləcək. Görüşdə prezidentlər ölkələr arasında əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
H.Ruhani səfərdən öncə jurnalistlərə deyib ki, region ölkələrinin bu gün dostluq və qarşılıqlı əməkdaşlığa ehtiyacı var:"Kabildə keçiriləcək görüşlər terrorizm, ifratçılıq və daxili gərginlikdən əziyyət çəkən Əfqanıstanla yanaşı, bütün region ölkələrinin xeyrinə olacaq".
Beynəlxalq Novruz bayramı mərasimləri Əfqanıstanın paytaxtı Kabil şəhərində bu gündən başlayıb. Bayram mərasimində Tacikistan, Türkmənistan, İran, Tacikistan prezidentləri və Novruz bayramını qeyd edən ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.
Qeyd edək ki, 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü ilə 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. İlk dəfə beynəlxalq Novruz bayramı mərasimi 2011-ci ildə İranda keçirilib. Bayramı şənliyi 2012-ci ildə Tacikistanın paytaxtı Düşənbədə, ötən il isə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil olunub.