...

Avropa Qonşuluğu Barometri: Azərbaycanda əhalinin çoxu ölkədəki demokratiyadan razıdır

Siyasət Materials 29 May 2014 11:28 (UTC +04:00)
2013-cü ilin dekabr və 2014-cü ilin yanvar aylarında rəyi soruşulan 974 respondentin 65 faizi Azərbaycandakı demokratiyadan razı qalıb. Bu göstərici orta hesabla digər Şərq Tərəfdaşlığı ölkələri üzrə olan göstəricidən (29 faiz) xeyli yüksəkdir.
Avropa Qonşuluğu Barometri: Azərbaycanda əhalinin çoxu ölkədəki demokratiyadan razıdır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycanlıların böyük əksəriyyəti ölkədəki demokratiyadan razıdır. Trend-in Avropa Qonşuluğu İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan üzrə "Avropa Qonşuluğu Barometri" çərçivəsində keçirilən sorğuda bildirilir. Sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində həyata keçirilib.

2013-cü ilin dekabr və 2014-cü ilin yanvar aylarında rəyi soruşulan 974 respondentin 65 faizi Azərbaycandakı demokratiyadan razı qalıb. Bu göstərici orta hesabla digər Şərq Tərəfdaşlığı ölkələri üzrə olan göstəricidən (29 faiz) xeyli yüksəkdir.

Respondentlərin 46 faizi Avropa İttifaqının mühüm tərəfdaş olduğunu, 45 faizi Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında effektiv əməkdaşlıq üçün kifayət qədər ümumi dəyərlərin olduğunu hesab edir. Rəyi soruşulan respondentlərin 48 faizi hesab edir ki, Aİ regiona sülh və stabillik gətirir.

Respondentlərin 56 faizi hesab edir ki, Aİ ilə Azərbaycan arasında gözəl münasibətlər var. Bu nisbət Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Şərq regionu üzrə göstəriciyə (47 faiz) nisbətən daha yaxşıdır. Rəyi soruşulanların yalnız 16 faizi münasibətlərin yaxşı olmadığını hesab edir.

Araşdırmalar göstərir ki, azərbaycanlıların 42 faizi Aİ-yə inanır ki, bu da BMT-nin (27 faiz) və NATO-nun (25 faiz ) müvafiq göstəricisindən çoxdur.

Sorğuda iştirak edən azərbaycanlıların 62 faizi öz həyatlarından məmnundurlar. Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksəkdir.

Rəyi soruşulanlar arasında gənclər və təhsil alan respondentlər ölkənin inkişaf istiqamətindən razıdırlar. Respondentlərin yarıdan çoxu (53 faiz) ölkədəki iqtisadi vəziyyətin növbəti on iki ay ərzində yaxşılaşacağı şansı haqqında optimist düşünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti