...

Ərdoğan: Türkiyənin dövlət strukturlarında sistemli dəyişikliklər qaçılmazdır

Siyasət Materials 9 Avqust 2014 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçiləcəyi təqdirdə, ölkənin dövlət strukturlarında sistemli islahatlar aparacağına dair vəd verib. Trend-in məlumatına görə, bunu Baş nazir "A Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə əsasən, ölkənin dövlət strukturlarında sistemli dəyişikliklər qaçılmazdır.

Ərdoğan qeyd edib ki, avqustun 10-na təyin edilmiş prezident seçkiləri əvvəlkilərdən məhz xalqın öz prezidentini seçməsi ilə fərqlənir.

Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Türkiyə parlament idarəçiliyindən prezident üsuli-idarəsinə keçməlidir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var.

Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.

Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü Sülh və Demokratiya Partiyasının (BDP) sədri Səlahəddin Dəmirdaşdır.

I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti