...

İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni tikilmiş sərnişin terminalının açılışı olub

Siyasət Materials 31 Oktyabr 2014 10:45 (UTC +04:00)
Ötən gün İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni sərnişin terminalının açılışı olub. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni tikilmiş sərnişin terminalının açılışı olub

Azərbaycan, Bakı, 31 oktyabr /Trend müxbir Təmkin Cəfərov/

Ötən gün İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni sərnişin terminalının açılışı olub. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, açılış mərasimində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, İranın yol və şəhərsalma nazirinin müavini Davud Keşavərzian, İranın Biləsuvar şəhərinin icra hakimiyyəti nümayəndələri, İran parlamentinin üzvləri, Azərbaycanın və İranın Ərdəbil əyalətinin rəsmiləri iştirak ediblər.

Trend-in İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, İranın yol və şəhərsalma nazirinin müavini Davud Keşavərzian Biləsuvarda yeni terminalın açılış mərasimində çıxışı zamanı bildirib ki, terminalın inşasına 4,5 milyon dollar sərmayə yatırılıb.

Onun sözlərinə görə, hazırda İranda 24 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir: "Həmin məntəqələrdən ildə orta hesabla 12 milyon ton məhsul ötürülür və 15 milyondan çox sərnişin gediş-gəliş edir".

Davud Keşavərzian bildirib ki, İran dünyanın bütün ölkələri, xüsusilə qonşu ölkələrlə əlaqələri inkişaf etdirməkdə maraqlıdır: "İran 7 ölkə ilə həmsərhəddir, elə buna görə də tranzit üçün çox əlverişli şəraitə malikdir. İldə 135 min yük maşını İran və Azərbaycan arasında gediş-gəliş edir. Onlardan 50 mini Biləsuvar sərhəd-keçid məntəqəsindən istifadə edir".

Nazir müavini deyib ki, Biləsuvar sərhəd-keçid məntəqəsi ölkənin ən fəal buraxılış məntəqələrindəndir. Statistikaya əsasən, ildə bir milyon sərnişin Biləsuvar sərhəd-keçid məntəqəsindən gediş-gəliş edir.

Onun sözlərinə görə, İran Azərabycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır: "Ümid edirik ki, Biləsuvar sərhəd-keçid məntəqəsində yeni terminalın istiafdəyə verilməsi ilə Azərbaycan vətəndaşlarının gediş-gəlişi rahatlaşacaq və asanlaşacaq".

Qeyd edək ki, Azərbaycanla İran arasında fəaliyyət göstərən Biləsuvar sərhəd-keçid məntəqəsinin yaxın vaxtlarda 24 saatlıq iş rejiminə keçməsi üçün hazırlıq işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti