...

"Xədicə İsmayılova Azərbaycanı pisləməklə qrant alanlardandır"

Siyasət Materials 1 Noyabr 2014 13:40 (UTC +04:00)
"Xədicə İsmayılova Azərbaycanı haradasa pisləməklə, hansısa təşkilatların qarşısında məsələ qoymaqla qrant almaq uğrunda mübarizə aparan insanlardandır".
"Xədicə İsmayılova Azərbaycanı pisləməklə qrant alanlardandır"

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Xədicə İsmayılova Azərbaycanı haradasa pisləməklə, hansısa təşkilatların qarşısında məsələ qoymaqla qrant almaq uğrunda mübarizə aparan insanlardandır". Bu barədə Trend-ə İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı Xədicə İsmayılovanın "Azadlıq" radiosuna müsahibəsinə münasibət bildirərkən deyib.

M.Zülfüqarlı X.İsmayılovanı jurnalist kimi tanıdığını qeyd edib: "Hüquq müdafiəçisi anlayışı Xədicə İsmayılovada sonradan yaranıb. Azərbaycanda hüquq müdafiəçiləri var, insan hüquqları ilə bağlı qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları var, amma hər yerindən duran deyir ki, mən hüquq müdafiəçisiyəm".

Onun sözlərinə görə, hüquq müdafiəçisinin bir səlahiyyəti olmalıdır ki, insan hüquqlarını müdafiə edə bilsin: "Mən özüm də qeyri-hökumət təşkilatının rəhbəriyəm və rəhbərlik etdiyim təşkilat ictimai problemlərin tədqiqi ilə məşğuldur. Mən necə deyə bilərəm ki, mən hüquq müdafiəçisiyəm? Ona görə də gərək hər kəs öz işi ilə məşğul olsun. Digər tərəfdən, Azərbaycan inkişaf etməkdə olan ölkədir və təbii ki, digər inkişaf etməkdə olan ölkələr kimi, burada da problemlər var, qərb ölkələrində də problemlər var. Amma hər bir vətəndaş çalışmalıdır ki, bu problemlərin həllinə kömək etsin. Bu problemləri şişirtmək, dünyaya yaymaq, bundan Azərbaycana qarşı təzyiqlər kimi istifadə etmək əlbəttə ki, Azərbaycan vətəndaşına yaraşmayan haldır".

Assosiasiya rəhbəri vurğulayıb ki, Azərbaycanda bir qrup insan var ki, bu işi özlərinə biznes kimi qurublar: "Yəni Azərbaycanı haradasa pisləməklə, hansısa təşkilatların qarşısında məsələ qoymaqla qrant almaq uğrunda mübarizə aparırlar. Jurnalist lazım olanda deyirlər ki, jurnalistəm, hüquq müdafiəçisi lazımdırsa, deyirlər ki, hüquq müdafiəçisiyəm. Təki qrantlar bunlara gəlsin. Xədicə İsmayılova da belələrindəndir".

M.Zülfüqarlı onu da əlavə edib ki, Azərbaycanda insan haqları sahəsində mühüm işlər görülür: "Azərbaycanda insan haqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini deyə bilərik, QHT-lər qarşısında məhdudiyyətlərin götürülməsi, vətəndaş cəmiyyətinin sürətlə inkişafı onu göstərir ki, Azərbaycanda bu məsələ əvvəlki illərdən qat-qat yaxşıdır. Tam məsuliyyətlə deyə bilərəm ki, 2014-cü illə ötən əsrin axırlarını müqayisə edə bilmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti