...

ABŞ Senatı komitəsi Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Dekabr 2014 10:52 (UTC +04:00)
Dekabrın 4-də ABŞ Senatı komitəsində Azərbaycanda yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsi üzrə ilk dinləmələr keçirilib.
ABŞ Senatı komitəsi Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib (ƏLAVƏ OLUNUB)

(İlk xəbər saat 09:08-də yayılıb)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Səba Ağayeva/

Dekabrın 4-də ABŞ Senatı komitəsində Azərbaycanda yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsi üzrə ilk dinləmələr keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə bu ölkənin Azərbaycanda yeni səfiri vəzifəsinə Robert Sekutanın namizədliyi təsdiqlənib.

Səfirlikdən qeyd edilib ki, diplomatik missiya onun namizədliyinin təsdiqlənməsinə görə şaddır və ümid edirt ki, onun namizədliyi Senatda da təsdiqlənəcək.

Növbəti mərhələdə Sekutanın namizədliyi ilə bağlı Senatda dinləmələr keçiriləcək.

Qeyd edək ki, Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.

Səfirin namizədliyi bundan əvvəl ABŞ Senatının Xarici əlaqələr komitəsində müzakirə olunub.

R.F.Sekuta əvvəllər ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal məhsulları üzrə müavini vəzifəsində çalışıb.

Onun xaricdə son təyinatları Tokioda (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) olub. Bu ölkələrdə ABŞ hökumətinin iqtisadi məsələlərin bütün spektrində iştirakına nəzarət edib.

Almaniyada iqtisadi müşavir-səfir kimi R.F.Sekutanın işi terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizənin gücləndirilməsi olub. O, həmçinin ABŞ Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda ərzaq təhlükəsizliyi məsələləri üzrə baş müşavir və ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Daha əvvəl R.F.Sekuta ABŞ-ın Ticarət Nümayəndəliyi İdarəsində (1999-2000-ci illər) çalışıb. O, ABŞ Dövlət Departamentində müxtəlif vəzifələr tutub, energetika, ticarət və iqtisadi inkişaf məsələlərinə cavabdeh olub, eləcə də iqtisadi siyasət və ictimai diplomatiyanın analizi üzrə direktor, bioloji texnologiyalar üzrə xüsusi vasitəçi və İraq iqtisadi hədəf qrupunun direktoru olub.

R.F.Sekuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri postu vakantdır. Bundan əvvəlki səfir Riçard Morninqstar səlahiyyət müddəti başa çatdıqdan sonra ABŞ-a qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti