Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Ümid Niayeş/
Bakı-Ənzəli dəniz sərnişin reysinin altı ay ərzində təkrar işə salınması gözlənilir. Bunu Trend-ə Bakıda səfərdə olan İran İslam Respublikasının Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının İdarə Heyətinin sədri və icraçı direktoru Rza Məsrur deyib.
R.Məsrur reysin təkrar işə salınması məsələsinin azərbaycanlı rəsmilərlə muzakirələrdə gündəmə gəldiyini deyib və əlavə edib ki, Azərbaycan tərəfi də bu məsələyə müsbət yanaşır.
Onun sözlərinə görə, reysin bərpa olunması İran və Azərbaycan arasında turizm sahəsində əlaqələrin genişlənməsinə səbəb olacaq.
Qeyd edək ki, Bakı və Ənzəli limanları arasında sərnişin xətti uzun illər fəaliyyət göstərib. 1998-ci ildən isə onun fəaliyyəti dayandırılıb.
R.Məsrur həmçinin səfər ərəfəsində iki ölkənin gömrük təşkilatları arasında əməkdaşlıqların genişlənməsi məsələsinin də müzakirə olunduğunu deyib. Onun fikrincə, iki ölkənin gömrükləri arasında rəqəmsal əlaqə sisteminin yaradılması mövcud problemlərin bir çoxunun həllinə kömək göstərəcək.
İranlı məmur hazırda Ənzəli limanının əmtəə dövriyyəsinin ancaq 10 faizinin Azərbaycanla bağlı olduğunu deyib.
İran rəsmisi Azərbaycanın güclü potensialının olduğunu nəzərə alaraq, bu rəqəmin artmasının gözlənildiyini vurğulayıb.
R.Məsrur, həmçinin təxminən 10 Azərbaycan şirkətinin Ənzəli Azad Ticarət və Sənaye Zonasında fəaliyyət göstərdiyini xatırladıb.
O, əlavə edib ki, bu zonaya investisiya yatırmaq istəyən azərbaycanlı iş adamlarının problemlərinin həlli zonanın rəhbərliyi üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Ənzəli azad iqtisadi zonası Xəzər dənizinin cənubunda yerləşir.