Azərbaycan, Bakı, 4 mart /Trend/
Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov əvvəlcə rəsmi foto çəkdirdilər.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinin önəmi vurğulandı. İqtisadi əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair ətraflı fikir mübadiləsi aparıldı.
X X X
Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə geniş tərkibdə görüşü olub.
Görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirildi. Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəmli olduğu vurğulandı. Ölkələrimizin energetika sahəsində, həmçinin "Cənub" qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olundu. Azərbaycan ilə Bolqarıstan arasında dostluq münasibətlərinin əlaqələrimizin daha da genişləndirilməsinə təkan verdiyi bildirildi.
Söhbət zamanı, həmçinin infrastruktur, sənaye, nəqliyyat, maliyyə, turizm, idman, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.