...

XİN rəsmisi: Azərbaycandan olan turistlər Ermənistanın öz iqtisadiyyatına da əsaslı töhfə verə bilərlər (MÜSAHİBƏ)

Siyasət Materials 9 Mart 2015 19:54 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi
XİN rəsmisi: Azərbaycandan olan turistlər Ermənistanın öz iqtisadiyyatına da əsaslı töhfə verə bilərlər (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi

-Ermənistan tərəfinin iddialarına baxmayaraq, arzuolunmaz şəxslər siyahısının təqdim olunması və görülmüş işlər nəticəsində işğal olunmuş ərazilərə xarici ölkə vətəndaşlarının səfərlərin kəskin azalması müşahidə olunur.

-Ermənistan özü dünyanın turizm marşrutları siyahısından tamamilə kənar olduğu halda, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə "turizm" səfərindən danışmaq yalnız gülünc doğura bilər. Müşahidə və təhlillərimiz onu göstərir ki, işğal olunmuş ərazilərə edilən səfərlərin əksəriyyətini məhz Ermənistan vətəndaşları təşkil edir. Bunların sırasında isə əsas üstünlük övladlarına azuqə və dərman aparan əsgər valideynlərinin üzərinə düşür. Ermənistan ordusundakı acınacaqlı durum hamıya bəllidir. Amma Ermənistan tərəfindən bu kimi səfərlər "rəsmi" qeydiyyata alınır və ilin sonunda işğal olunmuş ərazilərə "turizm" səfərləri adı altında təqdim olunur.

İkinci əsas kateqoriya isə erməni diaspora üzvləridir. Ermənistanda üzləşdikləri soyğunçuluq və bürokratik əngəllərə görə son dövrlərdə bu kateqoriyada da azalma özünü göstərir. Təcrübə göstərir ki, diaspora üzvlərinin Ermənistan və işğal olunmuş ərazilərə səfərinin əsasən siyasi motivlərlə bağlıdır. Gəlin məsələyə obyektiv baxaq. Dünya boyunca onlarla maraqlı turizm marşrutu təqdim olunduğu halda, Fransa, ABŞ və ya Livan erməni diasporunun sıravi üzvü öz məhdud ailə büdcəsini və istirahətini nəyə görə cəlbedici olmayan Ermənistana və ya riskli və təhlükəli işğal olunmuş ərazilərə sərf etməlidir?

Əgər təsnifatımızı davam etdirsək üçüncü kateqoriya kimi bilavasitə erməni diasporunun təsiri altında olan şəxslər müəyyənləşdirilə bilər. Bunlardan kənar işğal olunmuş ərazilərə səfər edən şəxslər bu və ya digər formada Ermənistanın dövlət səviyyəsində yürütdüyü yalan və hiylələrinin, eləcə də şantajlarının qurbanlarıdır.

Xarici İşlər Nazirliyi tərəfindən arzuedilməz şəxslər siyahısının təqdim olunması və xarici ölkə vətəndaşları arasında məlumatlandırmanın artırılması nəticəsində bu kateqoriyadan olan səfərlərin sayı kəskin şəkildə azalıb. Ermənistan tərəfi özü də etiraf edir ki, son il ərzində işğal olunmuş ərazilərə səfərlərin sayı 20 faiz azalıb. Əslində bu göstərici daha böyükdür. Əvvəllər xarici ölkə vətəndaşlarının pasportlarına qondarma rejimin "viza"ları vurulurdu. Heç də təsadüfi deyil ki, müşahidə olunan kəskin azalmanın fonunda pasportlara "viza"ların vurulması dayandırılib.

Bu kimi səfərlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasına müraciət edərək adlarının siyahıdan çıxarılmasını xahiş edirlər. Müraciətlər çox olsa da, hər bir hal fərdi qaydada nəzərdən keçirilir.

-Ermənistan tərəfi son günlərdə KİV vasitəsilə müxtəlif bəhanələrə bunun əksini sübut etməyə çalışır. Hətta gülünc doğura biləcək statistik rəqəmlər təqdim olunur. Fəxrlə qeyd olunur ki, 2014-cü ildə xarici turistlər işğal olunmuş ərazilərdə 6.4 milyon dollar vəsait sərf ediblər.

-Ermənistan və qondarma rejim tərəfindən təqdim olunan cəmi 6.4 milyon dollarlıq "turizm inkişafı" statistikası məşhur sovet filmi olan "Slujebniy roman"da qəhrəmanlardan birinin "Если бы не было статистики, мы бы даже не подозревали о том, "как хорошо мы работаем" deyə sarkastik sitatı xatırladır.

Sarkazmdan kənar, əslində bu statistik rəqəm vəziyyətin nə dərəcədə acınacaqlı olmasının təzahürüdür. Normal fəaliyyət göstərən bir mehmanxana kompleksinin illik dövriyyəsi bu rəqəmdən yüksəkdir. Ermənistanın pavilyonu altında qondarma rejimin bəzi beynəlxalq turizm sərgilərində iştirakına elə ildə 3-4 milyon dollar vəsait xərclənir. Düzdür, bu tədbirlər eləcə də pul silmə və mənimsəmə vasitəsi olsa da, Ermənistanın özünü aldatma ilə məşğul olduğunu bir daha göstərir.

Bu rəqəmin təqdim olunması Ermənistanın açıq şəkildə özünü inkarı və yalanlarının sübutudur. Əslində isə riskli və təhlükəli münaqişə ərazisi olan, kütləvi şəkildə minalarla çirklənmiş, turizm infrastrukturu olmayan əraziyə eləcə də qanun pozuntusuna yol verərək xarici turist niyə getməlidir ki?

Ölkə daxilində və beynəlxalq səviyyədə turizm layihələrinə sərmayə qoyan Azərbaycan Ermənistanın işğalına və təcavüzünə görə işğal olunmuş ərazilərin zəngin turizm potensialını inkişaf etdirə bilmir. Bu gün Azərbaycan həm turist qəbul edən, həm də potensial turist ixrac edən ölkədir. Bu da inkişaf etmiş və orta gəlirlilik səviyyəsinə malik olan dövlətlər üçün xarakterik xüsusiyyətdir.

Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın turizm infrastruktur sərmayələri nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar turistlər üçün ölkəmizin inkişaf edən turizm marşrutları siyahısında əsas istiqamətlərdən birinə çevrilə bilər. Xarici turistlərlə bərabər, bu marşrut ilk növbədə ölkədaxili turistlər üçün cəlbedici istiqamətdir.

Nəticə etibarilə isə ölkədaxili və xarici turizmin təşviq olunması ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmasının həyat şəraiti daha da yaxşılaşa və region daha da inkişaf edə bilərdi. Digər qonşu dövlətlərin təcrübəsində olduğu kimi, Azərbaycandan olan turistlər elə Ermənistanın öz iqtisadiyyatına da əsaslı töhfə verə bilərlər.

Yəqin ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması SSRİ dövründə Bakı, Gəncə və ya Ağdamdan olan turistlərin səfərlərinin onların yaşayışına nə dərəcədə töhfə verdiyini xatırlayırlar.

Belə olan halda isə biz artıq gülünc doğuran 6.4 milyon dollar deyil, yüzmilyonlarla ölçülən turist xərclərindən danışa bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti