...

Mübariz Əhmədoğlu: Ukrayna öz ərazi bütövlüyünə səmimi münasibət nümayiş etdirməklə Azərbaycanı özünə tərəf çəkə bilər

Siyasət Materials 16 Mart 2015 10:57 (UTC +04:00)
Ukrayna mətbuatı Azərbaycanın mövqeyinə hücumlar təşkil etməklə dövlətlərarası münasibətlərə ciddi zərbə vurur.
Mübariz Əhmədoğlu: Ukrayna öz ərazi bütövlüyünə səmimi münasibət nümayiş etdirməklə Azərbaycanı özünə tərəf çəkə bilər

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

"Ukrayna mətbuatı Azərbaycanın mövqeyinə hücumlar təşkil etməklə dövlətlərarası münasibətlərə ciddi zərbə vurur". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, son zamanlar Ukrayna mətbuatında Azərbaycanla bağlı neqativ fonda yazılan yazıların miqdarı xeyli çoxalıb: "Ukraynada belə hesab edirlər ki, Azərbaycan Ukraynanı müdafiə etməyib, etmir və Rusiyaya yaxınlaşır. Ukraynanı diqqətlə izləyən bəzi Qərb ekspertləri də indi belə fikrin daşıyıcısıdırlar. Hətta Ukraynanın sayılıb-seçilən siyasətçilərindən olan, Kiyev şəhərinin meri Vitali Kliçko Azərbaycan Prezidentinin Münhendə təhlükəsizlik konfransı zamanı "Ukraynadan kənar münaqişələr" mövzusunda təşkil etdiyi paneldə də sıravi adam kimi iştirak etdi. Bu, onun Ukrayna məsələsində Azərbaycanın mövqeyinə marağından irəli gəlir. Ukrayna mətbuatında Azərbaycanla əlaqəli neqativ fonun yaranması isə təəccüblü deyil. Çünki məsələnin kökü bundadır. Ukraynanın ictimai-siyasi mühiti Azərbaycanla əlaqəli məsələləri sonadək öyrənmək istəmir. Bu ölkənin mətbuatı, ekspertləri isə yanlışlığa yol verməklə vəziyyəti daha da gərginləşdirirlər. Azərbaycanın mövqeyinə hücumlar təşkil etməklə dövlətlərarası münasibətlərə ciddi zərbə vururlar. Anlamaq istəmirlər ki, Ukraynanın ərazi bütövlüyünə Azərbaycanın münasibəti dəyişməyib. BMT Baş Assambleyasının qərarı ləğv edilməyib. Ukraynanın mətbuatı və ekspertləri sanki Azərbaycanla münasibəti korlamağa çoxdan hazırlaşırmış".

M.Əhmədoğlu qeyd edib ki, Ukrayna Erməniləri İttifaqı xeyli güclüdür və yaranmış vəziyyətdən sui-istifadə edir: "Ukrayna zəiflədikcə, xaraba qaldıqca Ukrayna Erməniləri İttifaqı təşkilati, strukturlaşma və maliyyə baxımından güclənirlər. Ukrayna məmurlarının və mətbuatının korrupsiyalaşmamış hissəsi Ukrayna Erməniləri İttifaqının əlində yağlı ova çevrilib".

Onun sözlərinə görə, müstəqil Azərbaycanda Ukraynaya həmişə xüsusi münasibət olub. MBD dövlətlərinin, o cümlədən Azərbaycanın müstəqilliyinin qarantlarından biri kimi qəbul edilib. Aralarında fərqin böyük olmasına baxmayaraq, Ukrayna Rusiyadan sonra MDB-də təbii parametrlərinə görə ikinci dövlət idi. Qalan dövlətlər Ukraynanın ətrafına toplanmaqla, onun gücünü artırmaqla Rusiyaya əks-çəki kimi görürdülər. Məhz bu səbəbdən Azərbaycan Ukrayna ilə siyasi, geosiyasi və iqtisadi əlaqələri durmadan inkişaf etdirirdi. Ukraynaya belə münasibət rusiyapərəst prezident imici qazanmış Mütəllibovun dövründə də belə idi: "Ümummilli liderimiz Heydər Əliyevin dövründə Ukrayna ilə münasibətlər daha da inkişaf etdi. Hətta Rusiya Ukraynanı taxıl yığımı vaxtı dizel yanacağı blokadasına aldığı vaxt Azərbaycanın ümummilli lideri H.Əliyev onu bu blokadadan çıxardı. GUAM ideyasını müəllifi Azərbaycanın ümummilli lideri H.Əliyev idi. Bunlar həm də Ukrayna ilə münasibətlərimizin Rusiya qarşısında dövlət və milli maraqlarımızın müdafiəsinə xidmət etdiyini aydın göstərir. Azərbaycan Respublikası 52 milyonluq Azərbaycan xalqının dövlətidir. Rəsmi Kiyev nəzərə alsın ki, Azərbaycan Respublikası dövlət və milli maraqlarını qorumağı indi daha yaxşı bacarır. Sonralar Ukraynanın daxili siyasi həyatında ermənilərin rolu gücləndi. Ola bilər, korrupsiyanın güclənməsi ermənilərin iştirak payının artmasına şərait yaradıb. Zaman keçdikcə Ukraynanın Azərbaycanla əlaqəli siyasətində çatlar baş verdi. "Maydan hərəkatı" başladığı vaxtdan Ukrayna ATƏT-ə sədrlik edirdi. Prezident Viktor Yanukeviç Ukraynanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ tənzimlənməsində real irəliləyişə nail olacağına vəd vermişdi. Ukraynanın ATƏT-ə sədrliyinə Azərbaycan cəmiyyətində böyük inam var idi. Qarabağ tənzimlənməsi ərazi bütövlüyü prinsipinin dəstəklənməsini tələb edir. Ukrayna ATƏT-ə sədrliyi dövründə ərazi bütövlüyü prinsipinə dəstək verə bilmədi. Nəticədə isə, özünün ərazi bütövlüyü pozuldu. Ukrayna Xarici İşlər Nazirliyinin arxivlərini qaldırmaqla Ukraynanın ərazi bütövlüyü prinsipinin dəstəklənməməsindəki mövqeyinin səbəbini başa düşmək olar".

Mərkəzin direktoru bildirib ki, Azərbaycanın AŞPA-dakı bəlli səsvermə zamanı mövqeyini AŞPA-Azərbaycan münasibətləri şərtləndirdi: "Eynilə həmin mövzu üzrə AŞPA Azərbaycanı da hədələyib. AŞPA dəfələrlə Azərbaycana qarşı ikili standartlar tətbiq edib. AŞPA-dakı səsvermə zamanı Azərbaycan Ukraynanın deyil, AŞPA-nin ikili standartlarının əleyhinə səs verib. Bunun Rusiya ilə də əlaqəsi yoxdur".

M.Əhmədoğlu xatırladıb ki, BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü səsverməyə çıxarılanda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Ermənistan Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Guya Ermənistan "millətlərin öz müqəddəratını təyinetmə" prinsipinin tərəfdarıdır: "Bu, Növbəti yalandan başqa bir şey deyil. Əgər Ermənistan üçün "millətlərin öz müqəddəratını təyinetmə prinsipi" vacibdirsə, Kosovo, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanısın. Ermənistan üçün vacib olan məsələ Rusiyanın mövqeyidir. Abxaziya və Cənubi Osetiyanın tanınmasında Rusiya həssaslıq nümayiş etdirmədi. Amma Krım məsələsində həssaslıq nümayiş etdirdiyi üçün Ermənistanın manevr imkanları sıfıra endi. Amma Azərbaycanın və Ermənistanın Ukraynanın ərazi bütövlüyünə 180 dərəcə fərqlənən münasibətlərindən sonra baş verənlər daha maraqlıdır. Ermənistan Ukraynanın ərazi bütövlüyünü inkar etmək istiqamətində konkret addımlar atmağa başladı. "Yerevan-Simferopol" aviareysinin açılmasını yumşaq halda, Ukrayna ərazi bütövlüyünə hörmətsizlik adlandırmaq olar. Azərbaycan isə bütün addımlarında Ukraynanın ərazi bütövlüyünə hörmət nümayiş etditməkdə davam etdi. Nəzərə alınmalıdır ki, Krımla əlaqəli daha şirnikləndirici ideyalar Azərbaycana da təklif olunmuşdu".

O, həmçinin bildirib ki, Ukraynanın məşhur "1+1"telekompaniyası Dağlıq Qarabağa çəkiliş qrupu göndərərək film və digər verilişlər hazırladı. Bu verilişlər Ukrayna televiziyasında nümayiş olundu. Ukrayna mətbuatı bu mövzuda yazdı. Əsas leytmotiv isə Dağlıq Qarabağın ermənilərə məxsusluğunu göstərmək və Dağlıq Qarabağın müstəqil olduğunu nümayiş etdirmək idi. Ukrayna rəsmiləri yalnız Azərbaycanın tələbindən sonra buna simvolik reaksiya verdilər: "Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsi, Azərbaycanın ərazi bütövlüyünə Ukrayna mətbuatı tərəfindən zərbə vurulması nədənsə Ukraynanın ictimai-siyasi mühitinin diqqətini cəlb etmədi. Ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukraynanın aparıcı televiziyasının məhz həmin vaxtda Azərbaycanın ərazi bütövlüyünə zərbə vurmağa, erməni separatizminə dəstək verməyə vadar edən səbəblər hələ də araşdırılmayıb. Ukraynada heç kim ərazi bütövlüyü prinsipinin altına kimin və nə üçün mina qoymasının həqiqətini öyrənmək istəmir. Ukrayna biznesmenləri "Air Armenia" aviakompaniyasına 30 milyon dollar investisiya qoymağa qərar verdilər. Ermənistanın aviakompaniyaları Krıma aviareys açmaqla Ukraynanın ərazi bütövlüyünü təhdid edir. Digər tərəfdən Ukrayna özü pul axtarır. Milliyyətindən asılı olmayaraq Ukrayna vətəndaşı 30 milyon dolları Ukraynadan kənara çıxarıb Ermənistan aviakompaniyasına investisiya yatırdır".

Politoloq qeyd edib ki, Ukraynada həm Azərbaycan, həm də erməni diasporu var. Hər iki diaspor Ukraynanın hər iki hissəsində məskunlaşıb, eyni proseslərlə rastlaşırlar. Ukraynanın şərqində Rusiyanın mövqeyini müdafiə edən ermənilər olduğu kimi azərbaycanlılar da var. Ukraynanın şərqində rəsmi Kiyevin mövqeyini müdafiə edən isə bir nəfər erməni yoxdur. Amma rəsmi Kiyev ermənilərin başını sığallayır, Ukraynanın bəzi təmsilçiləri isə Azərbaycan diasporuna hədsiz təzyiqlər edir: "Rəsmi Kiyev Ukraynadakı Azərbaycan diasporuna olunan təzyiqlərə laqeyddir. Ukraynadakı Azərbaycan və erməni diasporuna belə fərqli münasibətin səbəbini araşdırmır.Bütün bunlar Ukraynanın indiki rəhbərliyinin eynilə keçmiş rəhbərlik kimi Ukraynanın ərazi bütövlüyünə qeyri-ciddi münasibətinin bariz təzahürləridir. Ukrayna öz ərazi bütövlüyünə hörmət etməlidir. Öz ərazi bütövlüyünə hörmət etməyən Ukrayna Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyəcək. Orada Dağlıq Qarabağ müstəqil dövlət kimi göstəriləcək. Ən bariz nümunələrdən biri də Ukrayna və Ukraynadakı Ukrayna Erməniləri İttifaqına müqayisəli təhlilidir. Ukrayna dağılır, zəifləyir. Ukrayna Erməniləri İttifaqı isə təşkilatlanır və güclənir. Çünki Ukrayna rəhbərliyinin Ukraynanın ərazi bütövlüyünə münasibəti səmimi deyil, saxtadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti