Azərbaycan, Bakı, 17 mart /Trend/
"İlk növbədə, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır". Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: "Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm".
Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir: "O, daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk. Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".
Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişib. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır".
İlham Əliyev bildirib ki, Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilib və "Böyük iyirmiliy"in, "G 20"-nin lideridir: "Türkiyə bu mötəbər toplantıya qardaş ölkəni, Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma, Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk".
Prezident xatırladıb ki, bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur: "TANAP bizim müştərək layihəmizdir. 3 il bundan öncə TANAP layihəsi İstanbulda imzalandı. Bu gün artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə, Azərbaycan, Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar yaradır, yeni iş yerləri yaradır, bizim iqtisadi, siyasi gücümüzü artırır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlayıb: "SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır, 5 lisey və məktəb tikilmişdir - Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada. Bu, təhsil sektoruna, yəni bizim gələcəyimizə qoyulan sərmayədir".
İlham Əliyev vurğulayıb ki, hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin səviyyəsidir, elmin səviyyəsidir: "Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək, bizim gənclərimiz bilikli, savadlı olsunlar. Bilik, savad bu gün dünyada hər şeyi həll edir. Bilik, savad texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir. Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 10 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib, təmir edilib və gənclərimiz üçün çox gözəl imkanlar yaradılıb".
Prezident deyib ki, bu məktəbdə peşə sahibləri oxuyacaqlar. Buradan çıxan peşə sahibləri bundan sonra Türkiyə və Azərbaycanın maraqlarını qoruyacaqlar: "Bura artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda, vətənpərvər olmalıdırlar, öz vətənlərinə bağlı olmalıdırlar, tarixi də yaxşı bilməlidirlər. Tarixi həqiqətləri həm bilməli, həm də təbliğ etməlidirlər".
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan və Türkiyə enerji, nəqliyyat layihələrini həyata keçirməklə iki ölkənin birliyini daha da gücləndirir: "Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolunun təməli də Qarsda qoyulub. TANAP layihəsinin təməli də Qarsda qoyulacaq".
İlham Əliyev qeyd edib: "Bu gün bizimlə birlikdə qardaş Gürcüstan dövlətinin prezidenti də iştirak edir. Buna görə mən çox minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Qarsa gəlib. Amma bu gün Heydər Əliyevin adını daşıyan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan bundan sonra da bir yerdə olacaqlar, bir yerdə öz gələcəklərini quracaqlar, bir-birinə həmişə arxa, dayaq olacaqlar".
Prezident Qarsda olmağından çox məmnun olduğunu deyib: "Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə də TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaq. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!"