...

Bəxtiyar Əliyev: “Çirkin kampaniyalar aparırlar ki, Azərbaycana qarşı etimadsızlıq yaratsınlar”

Siyasət Materials 23 Mart 2015 10:47 (UTC +04:00)
Azərbaycan artıq dünya siyasətində güclü bir fiqura çevrilib, nəhəng layihələri özü gerçəkləşdirir və bu gün dünya düzənində yeni bir reallığı ortaya qoyur.
Bəxtiyar Əliyev: “Çirkin kampaniyalar aparırlar ki, Azərbaycana qarşı etimadsızlıq yaratsınlar”

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan artıq dünya siyasətində güclü bir fiqura çevrilib, nəhəng layihələri özü gerçəkləşdirir və bu gün dünya düzənində yeni bir reallığı ortaya qoyur. Bunu həzm edə bilməyən qüvvələr ilk Avropa Oyunları ərəfəsində çirkin kampaniyalar aparırlar ki, Azərbaycanın mövqelərini zəiflətsinlər, Azərbaycana qarşı etimadsızlıq yaratsınlar".
Bu barədə Trend-ə Milli Məclisin üzvü Bəxtiyar Əliyev bəzi dairələrin ilk Avropa Oyunları ilə bağlı apardığı çirkli kampaniyaya münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, bu kampaniyanı aparanlar öz məqsədlərinə nail ola bilməyəcəklər: "Azərbaycan bütün demokratik dəyərlərə sadiqdir. Digər tərəfdən, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində və deməli, bütünlükdə Avropanın təhlükəsizliyi məsələsində önəmli yer tutur. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu dövrdə də həyata keçirdiyi siyasətlə göstərdi ki, güclü bir dövlətdir və onunla hesablaşmaq lazımdır. Amma bunu görmək istəməyən qüvvələr, dairələr var ki, onlar Azərbaycana qarşı ikili standartların, qarayaxmaların, böhtanların həyata keçirilməsində əsas rol oynayırlar".

B.Əliyev bildirib ki, ilk Avropa Oyunları qısa bir müddətdə keçirilməli idi: "Avropada heç bir dövlət bu məsuliyyəti üzərinə götürə bilmədi. Amma Azərbaycan bu məsuliyyəti üzərinə götürdü və qısa müddət ərzində çox yüksək səviyyədə hazırlıq işləri apardı. Birincisi, Azərbaycan bu Avropa Oyunlarının məsuliyyətini üzərinə götürməklə nə qədər sülhməramlı bir dövlət olduğunu bütün dünyaya göstərdi. Digər tərəfdən, idman sağlamlıq, həmrəylik, birlik, barış deməkdir. Azərbaycan bunu dünyaya nümayiş etdirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti