Baş direktorun müavini, siyasi şərhçi
Arzu Nağıyev - Trend:
Son zamanlar Azərbaycan və Əfqanıstan arasında əlaqələrin inkişaf etməsinin, iqtisadiyyatın bir sıra sahələrində qarşılıqlı əməkdaşlıq üçün perspektivlərin araşdırılmasının şahidi oluruq. İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Əfqanıstan nümayəndə heyəti Bakıda oldu və bir sıra strateji xarakterli danışıqlarda iştirak etdi. Qeyd edək ki, hazırda Azərbaycan-Əfqanıstan münasibətləri ikitərəfli əsasda inkişaf mərhələsində olsa da, hər iki tərəfi qane edəcək səviyyədə deyil.
Əfqanıstan Azərbaycan münasibətlərinin inkişafı üçün hansı perspektivlər yarana bilər? Məlumdur ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012 -ci ildən isə Azərbaycanda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir. Siyasi cəhətdən mövqelərimiz üst-üstə düşdüyü üçün Əfqanıstan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir və dövlətimizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.
İqtisadi baxımdan Əfqanıstanla yük daşımalarının həyata keçirilməsi perspektivli və aparıcı biznes sahəsi ola bilər. Bu məsələdə Əfqanıstan əlaqələrin genişlənməsində daha maraqlıdır. Misal kimi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini göstərmək olar. Məhz bu layihə sayəsində Əfqanıstan dəmir yolunu Avropa istiqamətində genişləndirmək niyyəti güdür. Daha doğrusu, Kabildə Türkmənistandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, Gürcüstana,Türkiyəyə və Avropaya çıxmaq məsələsi üzərində düşünürlər. Bununla bağlı Türkiyə və Türkmənistanın dövlət başçılarının görüşündə də müvafiq danışıqlar aparılıb. Bundan başqa, Kabilin Əfqanıstanda zərgərlik sahəsində istifadə edilən Lazurit yataqlarının birgə işlənməsi istiqamətində də təklifləri var. Eyni zamanda, Əfqanıstan öz vətəndaşlarını Azərbaycanın ali təhsil müəssisələrində oxumağa göndərir və bu prosesin daha da genişləndirilməsinə çalışır.
Azərbaycanın Əfqanıstanla hərbi sahədə də müəyyən əlaqələri mövcuddur. Belə ki, Azərbaycanın NATO ilə əlaqələrinin əsas istiqamətlərindən biri sayılan və Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələrdə Silahlı Qüvvələrimizin 94 nəfərlik hərbi kontingenti də iştirak edir. Hərbçilərimiz Türkiyə taboru tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini və patrul xidmətini həyata keçirir.
Bütün bunlarla yanaşı, Əfqanıstanla bağlı əsas narahatçılıq təhlükəsizlik məslələridir. Bu təhdidlər əsasən ölkədəki qeyri-müəyyənlik, silahlı toqquşmalar, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsidir. Baxmayaraq ki, Əfqanıstan ərazisində ABŞ və NATO-nun çoxsaylı silahlı kontingenti hərbi xidmət aparır, yuxarıda qeyd edilən təhdidlər azalmır. Bu isə dinc əhali və hərbçilər arasında itkilərə səbəb olur. Bundan başqa, İŞİD və Taliban qüvvələrinin birləşməsi və ya birgə fəaliyyəti də nəzərdə saxlanılmalı ən böyük problemlərdən biridir.
Bir sözlə, iki ölkə arasında biznes və digər sahələrdə əlaqələrin genişlənməsi təqdirəlayiq və vacib haldır. Bununla yanaşı, Əfqanıstana sərmayə qoyulması heç də risksiz məsələ deyil. İkitərəfli bir sıra layihələri həyata keçirmək mümkündür, qlobal biznes sahələrinin yaradılması üçün isə əsas məsələ təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasıdır. Bu isə Azərbaycandan çox Əfqanıstanı düşündürməli və bu istiqamətdə müvafiq şərait yaradılmalıdır.
Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq perspektivləri...
Son zamanlar Azərbaycan və Əfqanıstan arasında əlaqələrin inkişaf etməsinin, iqtisadiyyatın bir sıra sahələrində qarşılıqlı əməkdaşlıq üçün perspektivlərin araşdırılmasının şahidi oluruq.