...

Deputat: ATƏT artıq öz funksiyasını, missiyasını itirib

Siyasət Materials 23 Sentyabr 2015 17:46 (UTC +04:00)
Avropa Parlamenti və ATƏT erməni lobbisinin diktəsi altında siyasi qərarlar qəbul edirlər.
Deputat: ATƏT artıq öz funksiyasını, missiyasını itirib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Elmir Murad/

Avropa Parlamenti və ATƏT erməni lobbisinin diktəsi altında siyasi qərarlar qəbul edirlər. Bunu Trend-ə millət vəkili Bəxtiyar Əliyev ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanervanın Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəkləri ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ATƏT-in qurumlarının Azərbaycandakı seçkiləri müşahidə etməmək barədə qərarları sözügedən qurumun nizamnaməsinə və öz üzərinə götürdüyü öhdəliyə tamamilə ziddir.

B.Əliyev qeyd edib ki, ATƏT-in bu cür mövqe nümayiş etdirməsi onların qərəzli məqsədlərini açıq-aşkar göstərdi: "ATƏT-in əsas məqsədi Azərbaycanda gedən uğurlu siyasətə kölgə salmaq və Ermənistanda gedən insan haqlarının pozulması, onun təcavüzkar siyasətini pərdələməkdir. Bu qurumun bu siyasəti, həmçinin tərəzinin gözündə Azərbaycanla Ermənistanı bərabərləşdirmək məqsədi daşıyır. Seçkilərin bir meyarı var - bu, ölkənin, xalqın siyasi iradəsidir. Güman edirəm ki, Azərbaycan xalıq bu seçkilərdə öz münasibətini bildirəcək və bugünkü siyasət və bu siyasəti həyata keçirən Prezidentlə birliyini nümayiş etdirəcək".

ATƏT-in ABŞ-ın Avropadakı təşkilatı olduğunu vurğulayan deputat deyib ki, onlar rəsmi Vaşinqtonun diqtəsi ilə hərəkət edirlər: "Əslində, ATƏT-in bir az kökünə, dərinliyinə getsək, ABŞ-ın Avropadakı təşkilatlarından biri olduğunu açıq görmək olar. Çünki ABŞ-ın nümayəndəsi hansı havanı çalırsa, ATƏT də həmin havaya oynayır. Bununla yanaşı, Helsinki Komissiyası da eynilə ABŞ-ın Avropada bir qurumudur. Baxın, sözügedən qurum ölüm hökmünün ləğvinə, insan haqlarının qorunması məsələlərinə yönəlsə də, ABŞ özü nə ölüm hökmünü ləğv edib, nə də insan haqlarını qoruyur. Hər gün ABŞ-da bir və ya bir neçə sadə vətəndaş qətlə yetirilir. Bunu nə ATƏT, nə də Helsinki Komissiyası müzakirə edir. Ona görə də hesab edirəm ki, ATƏT artıq öz funksiyasını, missiyasını itirib".

Qeyd edək ki, ATƏT PA-nın prezidenti İ.Kanerva ATƏT PA-nın Ulan-Batorda keçirilən payız sessiyası çərçivəsində bəyan edib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün müşahidəçilər göndərməyəcəkləri ilə bağlı qərarı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarına uyğun olaraq qəbul ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti