...

Nazir: Niderland Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 28 Sentyabr 2015 13:10 (UTC +04:00)
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Bert Koenders ilə görüşüb.
Nazir: Niderland Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Bert Koenders ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnaməsinin qərəzli və qəbuledilməz olduğunu, antiazərbaycan və İslamafobiya meylli xarakter daşıdığını, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə ciddi zərbə vurduğunu nəzərə çatdırıb.

Bert Koenders 2016-cı ilin birinci yarısından etibarən ölkəsinin Avropa İttifaqına sədrlik edəcəyini qeyd edərək, Niderlandın Azərbaycan ilə əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Nazir E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğal və təcavüzə əsaslanan status kvonu davam etdirmək siyasəti barəsində məlumat verib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnamələrinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə miqrasiya, radikalizm və ksenofobiya meylləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov artan İslamafobiya və ksenofobiya meyllərinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

O, Azərbaycanın zəngin və nümunəvi multikulturalizm ənənələri haqqında məlumat verərək, ölkəmizin təcrübəsində bu konsepsiyanın uğurlu model kimi özünü təsbit etdiyini diqqətə çatdırıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti