...

Hikmət Hacıyev: Müasir dövrün təhdidləri BMT-nin mövcud sturukturlarının daha da təkmilləşdirilməsini tələb edir (MÜSAHİBƏ)

Siyasət Materials 2 Oktyabr 2015 18:55 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi
Hikmət Hacıyev: Müasir dövrün təhdidləri BMT-nin mövcud sturukturlarının daha da təkmilləşdirilməsini tələb edir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi

- BMT Baş Assambleyasının 70-ci sessiyasını Azərbaycan üçün necə xarakterizə edərdiniz?

- Bu sessiya BMT-nin təsis edilməsinin 70 illiyinə təsadüf etdiyi üçün xüsusilə əlamətdar olub. Təsis edilməsindən indiyədək BMT Nizamnaməsinin məqsəd və məramlarının həyata keçirilməsində təşkilat əhəmiyyətli nailiyyətlər əldə edib. Amma müasir dövrün hədə və təhdidləri BMT-nin mövcud sturukturlarının daha da təkmilləşdirilməsini və dövrün tələblərinə uyğunlaşdırılmasını tələb edir.

Azərbaycan Respublikası BMT-nin fəal üzvüdür. Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin 70-ci sessiyası çərçivəsində aparılan müzakirələrdə yaxından iştirak edib və gündəlikdə olan fundamental məsələlər üzrə ölkəmizin baxışları dünya birliyinin diqqətinə çatdırılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT Baş Assambleyasının ümumi müzakirələri, "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması" mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatı, BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclası, "Yeni inkişaf gündəliyi çərçivəsində miqrasiya və qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsi"nə dair toplantı, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin qüvvəyə minməsinin asanlaşdırılmasına dair IX konfrans, Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə Zirvə toplantısı, "Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi"nə dair yüksək səviyyəli forumu, Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatların əlaqələndirmə toplantılarında çıxış edib.

Ümumiyyətlə, Azərbaycan nümayəndə heyəti 10-dan artıq müxtəlif toplantında iştirak edərək çıxışlar edib. Bu, ölkəmizə olan rəğbətin və etimadın, eləcə də beynəlxalq səviyyədə artan nüfuzunun, ölkə başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasətimizin açıq təzahürüdür.

İkitərəfli əsasda Almaniya, Yunanıstan, Makedoniya, Uruqvay, Paraqvay, Ukrayna, Gürcüstan, İraq, Niderland, Portuqaliya, Əfqanıstan və digər dövlətlərin xarici işlər nazirləri ilə, çoxtərəfli əsasda isə BMT və digər beynəlxalq təsisatların rəhbər şəxsləri ilə intensiv görüşlər keçirilib.

- Xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışının əsas tezislərini necə təsnif edərdiniz?

- Bir qayda olaraq, BMT Baş Assambleyasının ümumi debatlar hissəsində çıxış edən dövlət tərəfindən qarşıdan gələn dövr ərzində sessiyanın gündəliyi ilə əlaqədar ölkəsinin prioritetləri təqdim edilir.

Ümumiləşdirilmiş şəkildə təsnif etsək, 70-ci sessiyanın gündəliyi ilə əlaqədar Azərbaycanın prioritetlərini Ermənistan-Azərbaycan münaqişəsi və onun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsi, sülh və təhlükəsizliyin qorunub saxlamasında BMT-nin rolu, silahlı münaqişələr və onların doğurduğu fəsadların aradan qaldırılması, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin və beynəlxalq hüququn prinsiplərinin təmin edilməsi, terrorizmə, ekstremizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar, Azərbaycan tərəfindən Minilliyin İnkişaf Məqsədlərinin uğurla yerinə yetirilməsi, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, regionlararası əməkdaşlığa və inkişafa xidmət edən TANAP, TAP qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmiryolu və TASİM layihələrinin icrası, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun təşviq edilməsi kimi məsələlər təşkil edib.

Beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən bildirilib ki, BMT beynəlxalq təhlükəsizlik problemlərinə də inkişaf məsələlərində olduğu kimi, eyni qətiyyət və inadkarlıqla yanaşmalıdır. Belə ki, BMT tərəfindən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzün, terrorizm, şiddətli ekstremizm və sülhə qarşı digər təhdidlərin qarşısının alınması və aradan qaldırılması üzrə kollektiv tədbirlərin təkmilləşdirilməsi üçün əsaslı təhlükəsizlik məqsədləri müəyyən olunmalıdır.

Dövlətlərarası münasibətləri tənzimləyən BMT Nizamnaməsinin prinsiplərinin yanlış təfsir edilməsi, qeyd-şərtlərlə həyata keçirilməsi, xalqların öz müqəddəratını müəyyən etmək prinsipinin təhdid və ya güc tətbiqi, ərazi ələ keçirilməsi və əhalinin zorla yerdəyişməsi kimi qeyri-qanuni əməllərin gizlədilməsi üçün istifadə edilməsinin qarşısı alınmalıdır.

Azərbaycanın terrorizm, şiddətli ekstremizm və separatçılığın bütün forma və təzahürlərini qınadığı bir daha qeyd olunaraq, silahlı münaqişələr və ya siyasi böhranlar zamanı beynəlxalq hüquq, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək öhdəliyi kimi fundamental normalarla uyğun gəlməyən həll yollarının qəbuledilməzliyi vurğulanıb.

Azərbaycan ötən illər ərzində bir çox Minilliyin İnkişaf Məqsədləri hədəfləri, xüsusilə kəskin yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi orta təhsilin təmini və gender bərabərliyinin təşviqi üzrə nəzərəçarpacaq nailiyyətlər əldə etməsi və ümumiyyətlə, Azərbaycanın siyasi, iqtisadi və sosial inkişaf modeli təqdim olunmuşdur. Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın israrlı öhdəliyi, əzm və davamlı səylərinə verilən qiymətin təzahürü kimi ölkəmiz 2015-ci il üzrə Cənub-Cənub Mükafatına layiq görülüb. Davamlı inkişaf məqsədlərini nəzərə alaraq, Azərbaycan daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi üçün hazırda özünün milli davamlı inkişaf strategiyasını işləyib hazırlamaqdadır.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, TAP və TANAP qaz layihələrinin inşası və Cənub Qaz Dəhlizinin inkişafı, Bakı-Tbilisi-Qars kimi strateji nəqliyyat infrastrukturu şəbəkəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Portunun və Trans-Avrasiya İnformasiya Magistralının inşası kimi layihələrinin region və onun hüdudlarından kənarda regional əməkdaşlığa və inkişafa, eləcə də BMT-nin müəyyən etdiyi davamlı inkişaf məqsədlərinə xidmət etdiyi qeyd edilib.

Azərbaycanın dözümlülüyü, multikulturalizmin və anlaşmanı təşviq etdiyi, bu xüsusda Avropa qitəsinin tarixində İlk Avropa Oyunlarının bu il Bakı şəhərində keçirilməsi, Azərbaycanın 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi, eləcə də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 2016-cı ildə Bakı şəhərində 7-ci Ümumdünya Forumunu keçiriləcəyi kimi məqamlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Təbii ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi çıxışda qeyd olunan əsas məsələlərdən biri olub.

- Münaqişənin həlli ilə əlaqədar BMT tribunasindan beynəlxalq ictimaiyyətə hansı məqamlar çatdırılıb?

- Əslində Azərbaycan tərəfindən BMT-nin 70-ci sessiyasının gündəliyi ilə əlaqədar qaldırılan prioritet məsələlər, beynəlxalq sülh və təhlükəsizliyə, davamlı inkişafa, mədəniyyətlər və dinlərarası dialoqa töhfəsi, uğurlu siyasi, iqtisadi və sosial inkişaf modeli Azərbaycanla Ermənistan arasında uçurum və fərqin nə dərəcədə böyük olduğunu bir daha sübut etdi.

Sessiyada bir gün əvvəl çıxış edən Ermənistan prezidentinin nitqi yalnız yalan və böhtan, digər dövlətlərə və xalqlara qarşı ittihamlar, tarixin saxtalaşdırılması və onun reallıq kimi təqdim olunması kimi tezislərlə xarakterizə olundu. Təbii ki, Ermənistanın Mininlliyin İnkişaf Məqsədlərinin milli səviyyədə icrası, davamlı inkişaf məqsədləri, regional inkişafa və çiçəklənməyə xidmət edən və təşəbbüskarı olduğu layihələr, beynəlxalq sülh və təhlükəsizlik töhfə verilməsi ilə əlaqədar deyə biləcəyi bir söz də yoxdur.

Çıxışında xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT tribunasından çıxış edərək yalan və böhtanlar irəli sürən Ermənistan prezidenti Serj Sarkisyanın cavabı verilib və münaqişənin həllinə dair Azərbaycanın mövqeyi qəti şəkildə bir daha təqdim olunub.

26 sentyabr 2015-ci il tarixində Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionuna Ermənistanın bir hissəsi kimi istinad edilən bəyanat verməsinin Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə məhəl qoymadığını bir daha sübut etdiyi və Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün törədilməsinin ən yüksək səviyyədə daha bir etirafı olduğu məhz BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Etimad quruculuğu tədbirləri və insidentlərin araşdırılması kimi məsələləri gündəmə gətirərək, Ermənistanın əslində siyasi möhtəkirliklə məşğul olduğu qeyd olundu.

Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləri olduğu nəzərə çatdırıldı.

Effektiv etimad quruculuğu tədbirləri üçün təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair planın həyata keçirilməli olduğu vurğulanıb. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barədə ideyalara gəlincə isə qeyd olunub ki, insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur. Əks təqdirdə, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin də dəfələrlə qəbuledilməz və qeyri-davamlı olduğunu bəyan etdikləri status-kvonun saxlanmasına xidmət edəcək.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında ən maraqlı tərəf olduğunu qeyd edərək vurğulayıb ki, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq.

- Qarşıdan gələn dövr ərzində 70-ci sessiyanın gündəliyində duran məsələlərlə əlaqədar hansı tədbirlər görüləcək?

- Azərbaycanın Xarici İşlər Nazirliyi və BMT yanında Daimi nümayəndəliyi və digər diplomatik nümayəndəlikləri tərəfindən il ərzində 70-ci sessiyanın gündəliyində olan prioritet məsələlərin icrası istiqamətində ardıcıl iş aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti