...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstanın ali ordeni ilə təltif edilib (FOTO)

Siyasət Materials 6 Mart 2016 15:06 (UTC +04:00)
Martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstanın ali ordeni ilə təltif edilib (FOTO)

Bakı. Trend:

Martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı" ordeni ilə təltif olunması mərasimi keçirilib.

Macarıstanın Baş naziri Viktor Orban mərasimdə çıxış edərək dedi:

"Hörmətli cənab Prezident, hörmətli birinci xanım. Hörmətli xanımlar və cənablar. Biz birinci xanıma "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı" ordeninin təqdim edilməsi üçün buraya toplaşmışıq. Sizin göstərdiyiniz xidmətlər burada orden ilə qiymətləndirilir. Bu orden macar xalqını özündə təcəssüm etdirir və Macarıstan Prezidentinin qərarı ilə təqdim olunur. Bu münasibətlə biz bütün macar xalqının Sizə olan hörmət və ehtiramını ifadə edirik. Biz bu ordeni cənab Prezidentin həyat yoldaşına yox, məhz ən tanınan Azərbaycan xanımına təqdim edirik. Mənə elə gəlir ki, ümumiyyətlə, Azərbaycan və macar xanımları arasında oxşarlıqlar çoxdur. Adət-ənənələrimizdən irəli gələrək bizim cəmiyyətimizdə qadınlar mühüm mövqelər tutur. Onlar nəinki evdə xanım rolunu oynayırlar, həmçinin ictimai xadim kimi mühüm fəaliyyət göstərirlər.

Xanım Mehriban Əliyevanın apardığı fəaliyyət bütün dünyada tanınır. Öz təmənnasız yardımını göstərdiyinə görə məhz Macarıstandakı həmin uşaq evində yaşayan uşaqlar bu gün Mehriban xanım Əliyevaya böyük sevgi və məhəbbətlə yanaşırlar.

Hörmətli birinci xanım, Sizin həyata keçirdiyiniz bu xeyriyyəçilik fəaliyyəti, Sizin göstərdiyiniz bu yaradıcı səylər nəinki həmin uşaqlara yardımçı olur, o cümlədən ölkələrimiz arasında təşəkkül tapmış münasibətlərin inkişafına töhfə verir. Burada söhbət sırf uşaqlara yardımdan getmir. Bu, həmçinin onu göstərir ki, müsəlman ölkəsinin Fondu xristian ölkəsinin uşaqlarına yardım edir. İki mədəniyyət və dinlər arasında belə bir halda çox gözəl, ahəngdar bir ittifaq yaranır. Bugünkü dünyada artıq dini münaqişələr haqqında çox danışılır. Məhz belə bir şəraitdə bu cür fəaliyyətin göstərilməsi, səylər xüsusi diqqətə layiqdir.

Biz Macarıstanda Mehriban xanıma böyük hörmətlə yanaşırıq və olduqca minnətdarıq. Bunu xüsusilə qeyd edirik ki, o, bu cür yardımları bizə göstərir. Macarıstanın ali ordenini Sizə böyük hörmət və böyük məmnuniyyətlə təqdim edirik".

Baş nazir Viktor Orban Macarıstanın ali ordenini Mehriban Əliyevaya təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti