Bakı. Trend:
Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu tolerantlığın, multikulturalizmin, beynəlxalq dialoqun inkişafına böyük töhfə verəcək, dünyada Azərbaycanın rolunu daha da artıracaq. Bu məsələ "Baku Network" ekspert qrupunun ingilisdilli platformasında ekspert diskussiyalarının əsas mövzusu olub.
Müzakirələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev, "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova və "Azernews" qəzetinin əməkdaşı Əminə Nəzəri iştirak ediblər.
Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycan regional və beynəlxalq əməkdaşlığın inkişafına böyük töhfə verir və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu Azərbaycanın nümunəsində onun tarixini nümayiş etdirməyə imkan verəcək ki, müxtəlif icmaların, xalqların və konfessiyaların çiyin-çiyinə, birlikdə mövcud ola biləcəyi uğurlu dialoq modelini qurmaq olar.
Həmçinin vurğulanıb ki, Bakı regional və qlobal sülh və təhlükəsizliyə xidmət edən bir çox beynəlxalq tədbirləri keçirmiş diplomatik paytaxt kimi mühüm rol oynayır. Belə ki, Azərbaycanda Bakı Humanitar Forumu, İlk Avropa Oyunları keçirilib, tezliklə "Formula 1" yarışı, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək. O da vurğulanıb ki, Bakı Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşir ki, bu da ona Qərb və İslam dünyası arasında körpü rolunu oynamağa imkan verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında bu yaxınlarda vəziyyətin kəskinləşməsi müzakirələrin ayrıca mövzusu olub. Bildirilib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti yaxınlığında yerləşən Azərbaycan yaşayış məntəqələri aprelin əvvəllərində ermənilər tərəfindən intensiv atəşə məruz qalıb. Mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri əks tədbirlər görməyə məcbur olub, bunun nəticəsində silahlı qüvvələrimiz işğal olunmuş strateji yüksəklikləri azad edib.
Diskussiya iştirakçıları vurğulayıblar ki, həll olunmamış münaqişə region üçün təhlükə yaradır və beynəlxalq ictimaiyyət münaqişənin həllində daha fəal iştirak etməlidir.