Bakı. İlhamə İsabalayeva - Trend:
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi dünya birliyinin bizə yüksək etimadının, ölkəmizdəki multikultural mühitə münasibətinin göstəricisidir. Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Belə forumların Bakıda keçirilməsini Azərbaycan üçün olduqca faydalı sayan deputatın sözlərinə görə, bu tədbir ilk növbədə ölkəmizin beynəlxalq nüfuzunun təsdiqi baxımdan əhəmiyyətlidir: "Bu forumun keçirilməsi ilk növbədə ölkənin beynəlxalq aləmdə tanıdılmasına imkan verir. Müxtəlif xarici ölkələrdən Azərbaycana gələn qonaqlar ölkəmizi daha yaxşı tanıyırlar. Onlarda Azərbaycan haqqında geniş təsəvvür formalaşır. Bununla yanaşı, qonaqların Azərbaycanın görkəmli elm, mədəniyyət adamları ilə tanışlığı göstərir ki, Azərbaycan həqiqətən də yüksək mədəniyyətə, elmə malik olan ölkədir".
Deputat qeyd edib ki, Qlobal Forumun keçirilməsi mədəniyyətlərin yaxınlaşmasına, dəyərlərin inkişaf etdirilməsinə xidmət edir.
Xatırladaq ki, aprelin 25-27-də Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək.