Bəxtiyar Hacıyev – Trend:
Dünyada müsbət imicə malik, öz sözünü demiş Azərbaycan həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Hər il ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, o cümlədən irimiqyaslı idman yarışları keçirilir. Həmçinin, Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, region dövlətlərinin iqtisadiyyatının inkişafına töhfə verir, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Müxtəlif bölgələrdə təhlükəli proseslərin müşahidə olunduğu, mütəmadi qanlı toqquşmaların, terror aktlarının baş verdiyi bir vaxtda Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilir. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, tarix və ətrafda baş verən hadisələr Azərbaycanın seçdiyi yolun yeganə düzgün yol olduğunu göstərdi. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur.
Azərbaycan İslam aləmində də nüfuzlu, böyük hörmətə malik ölkədir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvüdür, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal əhəmiyyətli bir sıra mühüm mədəni tədbirlərin təşkilatçısı kimi çıxış edir.
Bütün İslam ölkələri Azərbaycanla əməkdaşlığa, əlaqələrin inkişafına can atır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin əks olunduğu qətnamələr qəbul edib, eləcə də təşkilatın Zirvə görüşündə bu münaqişə və aprel ayında Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı təmas qrupu yaradılıb.
Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında, eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Qədim İslam memarlığı nümunəsi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və digər abidələr, eləcə də ölkə muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.
Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda sayı az olsa da, məscidlər fəaliyyət göstərirdi. Hazırda ölkədə sayı 2 mini ötən məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Son illərdə İslam mədəniyyətinin qiymətli abidələrindən olan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri, "İmamzadə" kompleksi əsaslı şəkildə yenidən qurulub, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi - Heydər məscidi inşa edilib.
Qeyd etmək lazımdır ki, Bakıdan sonra (2009-cu il) Naxçıvan da 2018-ci ildə "İslam dünyasının mədəniyyət paytaxtı" olacaq.
Təsadüfi deyil ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi məhz Azərbaycana həvalə olundu.
Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil, böyük siyasi, mədəni və ictimai hadisədir:
"Biz çalışacağıq ki, İslam aləmini birləşdirək. Bu, Azərbaycanın müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq, eyni zamanda, müasir ölkə olduğunu göstərir və İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq".
Azərbaycan bir növ birləşdirici, vasitəçilik rolu oynayaraq İslam və Avropa ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə də səy göstərir. 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət edildi, birgə sessiya keçirildi. "Bakı prosesi" adlandırılan bu təşəbbüs haqlı olaraq dünyada müsbət qarşılandı, yüksək qiymət verildi. 2009-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin qəbuluna bir sıra Avropa ölkələrinin mədəniyyət nazirləri dəvət olundu.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə də böyük töhfələr verir.
Bəzi Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətlər edildiyi, islamofobiyanın artdığı, İslamın guya zorakılığa çağıran bir din kimi təqdim olunduğu bir vaxtda Azərbaycanda 2016-cı il "Multikulturalizm ili" elan olundu. Müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda birgə, bərabər, dinc şəraitdə yaşadığı, ölkə daxilində millətlərarası, dinlərarası münasibətlərin ən yüksək səviyyədə tənzimləndiyi dünyaya nümayiş etdirildi. Əhalisinin əksəriyyəti müsəlman olsa da, Azərbaycanda digər dinlərin nümayəndələrinə hörmətlə yanaşırlar, ayrı-seçkilik etmirlər.
Prezident İlham Əliyev İslama qarşı çirkin kampaniya aparanlara da cavab verdi:
"...Onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm də müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam" deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar".
Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan olunması məntiqli, düzgün qərar oldu və Azərbaycanın, həmçinin müsəlman dünyasında nümunəvi ölkə olduğunu göstərdi.