...

BMT: Dünyada hər dəqiqə 20 insan müharibə və təqib ucbatından didərgin düşür (VİDEO)

Siyasət Materials 20 İyun 2017 11:23 (UTC +04:00)
Dünyada hər dəqiqə 20 insan müharibə və təqib ucbatından didərgin düşür.
BMT: Dünyada hər dəqiqə 20 insan müharibə və təqib ucbatından didərgin düşür (VİDEO)

Bakı. Trend:

20 iyun Ümumdünya Qaçqınlar Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən bütün dünyadakı qaçqınlara, müharibə, münaqişələr, təqiblər və insan hüquqlarının ciddi pozuntuları üzündən evlərini tərk etməyə məcbur olmuş bütün insanlara həsr olunan gün elan edilib. Hazırda bu vəziyyətdə olan 65 milyondan artıq insan var: əgər onlar bir ölkə olsaydı, bu, dünyada əhalisinin sayına görə 22-ci olardı.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəsi Furio De Angelisin məqaləsində deyilir.

Məqalədə bildirilir ki, "köç edən ölkənin" sakinlərinin artım faizi olduqca yüksəkdir: dünyada hər dəqiqə daha 20 insan müharibə və təqib ucbatından didərgin düşür, son 10 ildə onların sayı 100 faizdən də çox artıb və bu sayın azalacağını göstərən heç bir əlamət yoxdur, o tunelin sonunda işıq görünmür.

Ümumdünya Qaçqınlar Günü bütün dünyada hökumətlər, qaçqın təşkilatları və icmaları tərəfindən elə bir gün kimi tanınır ki, həmin gün qaçqın axınlarını doğuran səbəblər barədə düşünülməli və onlar üçün himayə və yardımın təmini üzrə öhdəliklərə yenidən baxılmalıdır; bu gün həm də elə bir gün kimi tanınır ki, həmin gün münaqişələrin uzunmüddətli və ədalətli siyasi həllinin tapılması gözləntisini bir daha vurğulamaq lazımdır, belə ki, qaçqınların didərgin düşməsinin və bu halın doğurduğu bütün insan iztirablarının kökündə həmişə və sürəkli olaraq münaqişələr dayanır.

Beləliklə, Ümumdünya Qaçqınlar Günü hər şeydən daha çox qaçqınların fiziki və mənəvi dözümlülüyünün qeyd edildiyi gündür. Bu elə bir gündür ki, həmin gün biz öz qaçqınlıq həyatları boyu qaçqınların yaşadıqları müsibətləri, problemləri və əzabları başa düşməyə və vizuallaşdırmağa çalışırıq: onlar münaqişə zamanı evlərində olarkən, getdikcə daha çox cinayətkar insan alverçilərinin nəzarəti altında olan marşrutlarla köç edərkən və çox zaman hətta təhlükəsizliklərinə və dincliklərinə qovuşmalı olduqları ölkəyə gəlib çıxdıqdan sonra belə bu iztirabları yaşayır və təhlükəsizlik və dinclik əvəzinə insanların qarışıq ismarıcları ilə qarşılaşırlar: bir çox qurumlar və insanlar tərəfindən həmrəylik, lakin həm də eyni cəmiyyətin müəyyən təbəqələri tərəfindən düşmənçilik və rəddetmə ismarıcları ilə.

Müəllif daha sonra yazır:

Bu nə üçün baş verir? Qaçqın köçlərinin səbəb olduğu hazırkı iğtişaşların həllinin əsas elementləri nədən ibarət ola bilər? Dənizdə batan uşaqların və ümidsizlik içərisində pərən-pərən düşən ailələrin bugünkü faciəli görüntülərindən ibarət olan durumu yaxşılaşdırmaq üçün vətəndaşlar, təsisatlar, beynəlxalq təşkilatlar və hökumətlər nə etməlidirlər? Burada beynəlxalq fəaliyyətlərin dörd əsas sahəsini önə çəkmək lazımdır:

1. Münaqişələrin ədalətli, uzunmüddətli və kompromisli həllinə nail olmaq üçün bütün cavabdeh hökumətlər siyasi iradə ortaya qoymalıdırlar. Humanitar böhran siyasi uğursuzluqların nəticəsi olduğuna görə, humanitar böhranın yeganə həlli siyasi həll ola bilər. Vətəndaşlar öz hökumətlərini sorğu-suala tutmalı və onlardan hesabat istəməlidirlər ki, hökumətlər şəffaf və səmimi şəkildə ciddi sülh axtarışında olsunlar.

2. İnkişaf siyasətinin hazırlanmasının və həyata keçirilməsinin yeganə məqsədi ölkədəki icmalara xidmət etməkdən və insan hüquqlarına dair standartlara tam riayət etməkdən ibarət olmalıdır. 2015-ci ilin sentyabrında beynəlxalq birlik tərəfindən qəbul edilmiş "Dayanıqlı inkişaf məqsədləri" ümumdünya miqyasında inkişaf üçün rəhbər prinsiplər kimi qəbul edilib və onlara riayət edilməsi miqrant və qaçqın köçlərini əhəmiyyətli dərəcədə azalda bilər. "Dayanıqlı inkişaf məqsədləri"nin kökündə bir sadə prinsip dayanır: "heç kəs diqqətdən kənarda qalmasın": qaçqınlar və məcburi köçkünlər yaşadıqları cəmiyyətlərin üzvüdürlər və onlar da inkişafdan və tərəqqidən bəhrələnməlidirlər.

3. Qaçqın köçlərinin öhdəsindən gəlmək üçün aktiv iş görülməli və onlara passiv reaksiya göstərilməməlidir. Beynəlxalq həmrəylik, aydın və riayət edilən öhdəliklər və resursların adekvat şəkildə bölgüsü didərginlik halları ilə bağlı qlobal və uğurlu siyasətin zəruri və yetərli tərkib hissələridir. 2016-cı il tarixli Nyu-York Bəyannaməsi qaçqın və miqrant axınlarının öhdəsindən gəlmək istiqamətində qlobal miqyasda həqiqi irəliləyişə nail olmaq üçün geniş kütlələri bir araya gətirmək imkanı yaradır. Biri miqrant axınları, digəri isə qaçqın axınları barəsində olmaqla 2018-ci ildə ölkələrin imzalayacağı iki qlobal saziş insan köçləri ilə bağlı beynəlxalq münasibətlər sahəsində yeni dövr açmaqla dönüş nöqtəsi olmalıdır.

4. Nəhayət, ən önəmlisi, bir sadə həqiqəti birdəfəlik etiraf etmək lazımdır: qaçqınlar özləri ilə birlikdə potensial imkanlar, bacarıqlar və resurslar gətirirlər və bunlardan ən dəyərlisi qaçqınların onlara sığınacaq vermiş cəmiyyətə müsbət töhfələr vermək istiqamətindəki səyləridir. Onlar sosial və insani baxımdan ölkənin inkişafına böyük fayda gətirə bilərlər, belə ki, dünyanın bütün bölgələrinin tarixindən göründüyü kimi, milyonlarla miqrantlardan ibarət çoxsaylı köç dalğaları onları qəbul etmiş bir çox cəmiyyətlərin tərəqqisinə və inkişafına öz töhfələrini vermişdir.

Yuxarıda qeyd edilən məqamlar çox sadə səslənir, amma onların praktikada həyata keçirilməsi olduqca mürəkkəb işdir. Bununla belə, onlar tunelin sonunda hansısa işığın görünməsi üçün dünyanın keçməli olduğu dar cığırı göstərir.

Azərbaycan bu cığırda öndə getmək üçün əlverişli imkana malikdir. Azərbaycan cəmiyyəti qonaqpərvərliyi və müxtəlifliyi ilə seçilən cəmiyyətdir, onun dərin kökləri keçmiş dövrlərə gedib çıxan çoxmədəniyyətli, çoxkonfessiyalı və müasir əhalisi, habelə davamlı yüksəliş və inkişaf üçün ambisiyalı planı var.

Həm də Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ucbatından müharibə və didərginlik faciəsindən keçib; o, insan itkilərinə və iqtisadi məhrumiyyətlərə məruz qalıb, amma bu problemlərin öhdəsindən gəlməyi, müasir və inkişaf etmiş ölkəyə çevrilməyi bacarıb. Ən önəmlisi, Azərbaycan münaqişə ucbatından didərgin düşmüş qaçqınlar və məcburi köçkünlər üçün çox şeylər edib və hələ də edir, bu gün o, Avropada ən çoxsaylı məcburi köçkün əhalisi olan ölkələrdən biridir və uzun müddətdir ki, bu didərginlik durumunun davamlı və ədalətli həllini gözləyir.

Azərbaycan həmçinin, regionda və ya digər yerlərdə digər münaqişələrdən qaçan və təhlükəsizlik və himayə axtarışında ikən Azərbaycana gəlib çıxan qaçqınlar üçün təhlükəsizlik və imkanlar təklif edə biləcək ölkədir. Azərbaycan cəmiyyətinin iqtisadi və sosial strukturuna tam inteqrasiya olunmalarına imkan yaradılarsa, uzaq ölkələrdən olan qaçqınlar bu ölkəni zənginləşdirər və bir gün yeni vətənlərində qürur duyulası vətəndaş olarlar.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı işi birbaşa maliyyə dəstəyi və sosial yardım proqramları vasitəsilə məcburi köçkünlərin və qaçqınların imkanlarının genişləndirilməsinə yönəlib, həmçinin qaçqınlara dair qanunvericiliyin təkmilləşdirilməsi, ölkədəki bütün qaçqınların və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyasından ötrü seçim və imkanların yaxşılaşdırılması üçün hökumətlə birgə iş aparılır.

BMT QAK hər kəsi www.withrefugee.org internet səhifəsinə daxil olaraq “Qaçqınlarla birgə dayanın” qlobal kampaniyasına qoşulmağa dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti