...

Britaniya parlamentində “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 1 Noyabr 2017 18:32 (UTC +04:00)
Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-təqdiqatın beynəlxalq təqdimatı keçirilib.
Britaniya parlamentində “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 31-də Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-təqdiqatın beynəlxalq təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat “TEAS Press” Nəşriyyatında işıq üzü görüb. Üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi və Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin London ofisinin rəhbəri Cek Peqoraro tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü parlament üzvü Bob Bləkmana verdi. Milli vəkili bildirdi ki, Azərbaycanın yüksəlişi və dinamik inkişafının böyük hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, Sovet İttifaqının adi respublikası olan bir ölkəni tamamilə müstəqil bir dövlətə çevirməyə nail oldu. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Bob Bləkman vurğuladı ki, Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Böyük Britaniya – Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələrək və bu dostluq əlaqələri gündən-günə dərinləşməkdə davam edir. Heydər Əliyev Britaniyanın yaxın dostu olmuşdur. Azərbaycandakı xarici investorlar arasında Böyük Britaniya şirkətləri liderlik edir. BP şirkəti tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AIOC) bağladığı “Əsrin Müqaviləsi” kontraktı məhz Heydər Əliyevin titanik əməyinin məhsuludur.

Millət vəkili qeyd etdi ki, çoxcildlik tanınmış yazıçı-publisist Elmira Axundovanın uzun illəri əhatə edən məhsuldar yaradıcılıq fəaliyyətinin bəhrəsidir. Müəllifin bu əsərləri real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin peşəkarcasına müşahidəsinin və arxiv sənədləri üzərində ciddi yaradıcılıq işinin məhsuludur.

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Ulu öndər Heydər Əliyevin həyat yolundan və zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil, sabit və çiçəklənən Azərbaycan Böyük Britaniya da daxil olmaqla, başqa ölkələr üçün etibarlı tərəfdaşdır. Məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və xalqına sevgisi nəticəsində Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub. Səfir bu gün həyata keçirilən siyasi kursun Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələrini möhkəmləndirdiyini və Azərbaycanın daha da gücləndirilməsinə gətirib çıxardığını vurğulayıb.

“Əsrin Müqaviləsi” nin imzalanmasının şahidi olmuş, BP şirkətinin keçmiş məsləhətçisi Dr. Tamara Draqadze görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət olan Heydər Əliyevin bütün çətinliklər qarşısında dəfələrlə nümayiş etdirdiyi dəmir iradəsindən bəhs etdi.

Üçcildliyin müəllifi Elmira Axundova qeyd etdi ki, dünyanın heç bir yerində güclü Sovet İttifaqının liderlərindən olan Azərbaycanın keçmiş kommunist lideri, Simurq quşu tək küldən yüksələrək, tezliklə bütün respublikanı, sonra isə bütün dünyanı təəccübləndirəcəyini heç kəs təsəvvür edə bilməzdi.

“Bu insanın sirri nə idi ? Necə qəbul edilmiş hikmətə zidd olaraq, o, eyni çaya iki dəfə ayaq basmağa qadir oldu ? Hesab edirəm ki, cavab Böyük Britaniyanın sabiq Baş naziri Ser Uinston Çörçilin sözlərindəndir. O demişdir: “İnsan üçün dəyişən şəraitdə ardıcıl olaraq qalmağın yeganə yolu eyni üstünlük təşkil edən məqsədi qoruyarkən onlarla birlikdə dəyişməkdir.” Heydər Əliyev zaman və vəziyyətə görə dəyişə bilirdi və bunu təbii olaraq edirdi. Onun fədakarlığı Vətəninin – sevimli Azərbaycanının - milli maraqlarına həsr olunmuşdu.

Heydər Əliyev çox ağır bir həyat yaşayıb. O, ehtirasla inandığı idealların çökdüyünü görmüş və sədaqətlə xidmət etdiyi bir ölkənin parçalanmasının şahidi olmuşdu. O, yeni bir dövrə qədəm qoydu və həyatını sıfırdan başlayaraq, ikinci dəfə siyasi Olimp zirvəsinə yüksəldi. Ancaq bu fərqli bir ölkədə və fərqli bir dövrdə baş verəcəkdi, ”- deyə E.Axundova vurğulayıb.

Tədbirin sonunda Londonda yaşayan tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlarımız səsləndirilib.

Məlumat üçün bildirək ki, ingilis dilində nəşr olunan “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin birinci kitabı (HEYDƏR ƏLİYEV. CANLI TARİX) XX əsrin ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyətinin erkən dönəmləri haqqında eksklüziv və geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Kitab Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin prezidentin şəxsi arxivində iş zamanı aşkar edilən unikal sənədlərə əsaslanır, əsərin qəhrəmanının uşaqlıq və gənclik illərindən, onun dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə də 1969-1982-ci illərdə Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs edir.

İkinci kitabda (KREMLDƏ BEŞ İL) Sov.İKP MK üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunur. 1982-1987-ci illərdə SSRİ-nin ən nüfuzlu və fəal rəhbərlərindən biri olan Heydər Əliyevi Qərb mətbuatı gələcəkdə hətta Sov.İKP MK-nın Baş katibi vəzifəsinə potensial namizəd kimi də görürdü...

Bu kitabda Elmira Axundova Heydər Əliyevin SSRİ-nin üç baş katibi ilə - Y.Andropov, K.Çernenko və M.Qorbaçovla münasibətlərindən bəhs edir. Kremlin sirləri və intriqaları, Siyasi Büro daxilində münasibətlər, H.Əliyevin nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi qəzalar və texnogen fəlakətlər, onun xarici səfərləri, “Qorbaçov yenidənqurması”nın başlanğıcı və sonu, Qarabağ münaqişəsi və onun nəticələri, Heydər Əliyevin istefasının əsl səbəbləri və SSRİ-nin süqutu – bütün bunlar bəzən siyasi bestselleri xatırladan və tükənməz maraqla oxunan ikinci kitabda əks olunur.

Üçüncü kitabda (Qayıdış) Elmira Axundova Heydər Əliyevin vətənə, üç ildən sonra isə siyasi Olimpə qayıdışından bəhs edir. 1990-cı ildə Azərbaycanın o zamankı rəhbərliyinin müqavimətinə baxmayaraq, Heydər Əliyev öz “kiçik vətəni”nə - blokadada yaşayan Naxçıvana qayıtdı. Böyük və gərgin səylər nəticəsində Heydər Əliyev muxtar respublikanı aclıqdan və soyuqdan, həmçinin Ermənistan işğalından xilas etdi.

1993-cü ildə xalqın iradəsi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdır. 3-cü kitabın ikinci hissəsində Heydər Əliyevin Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, ölkəni parçalanmadan xilas etməsi, Ermənistanla uzunmüddətli atəşkəsin əldə olunması, neft strategiyası hesabına ölkənin XXI əsrə güclü iqtisadi inkişaf tempi ilə daxil olması istiqamətində gördüyü işləri əks olunub. Kitabda canlı şahidlər, müxtəlif vaxtlarda Heydər Əliyevlə birgə işləmiş insanlar danışır. Onların xatirələri kitaba etibarlılıq və səmimilik gətirir.

Bütövlükdə, üçcildlik Heydər Əliyevin XX əsrdə cərəyan edən tarixi hadisələrin fonunda verilən ən dolğun və obyektiv tərcümeyi-halıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti