Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə keçirilən konfransda Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov qeyd edib ki, konfransın əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, ümumən, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.
İ.Axundov vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin, humanizm ənənələrinin, mədəniyyətinin təbliğində, geniş coğrafi ərazidə təşviqində misilsiz işlər görür.
Sonra tədbirdə çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov bildirib ki, Azərbaycan müasir dövrdə multikulturalizm dövlət siyasəti olduğu yeganə dövlətlərdəndir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Multikulturalizm ənənələrindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır.
E.Nəcəfov qeyd edib ki, bir sıra dünya dövlətlərinin multikulturalizm siyasətindən üz döndərməsi problemlərin yaranmasına səbəb olub:
"Bir sıra dünya dövlətləri bəyanatlar verir ki, multikulturalizm iflasa uğrayıb. Bu, çox təhlükəli bəyanatdır. Əgər multikulturalizm iflasa uğrayıbsa, bunun alternativi nə olar?! Əlbəttə, semitizim, islamofobiya, ksenofofobya və bu kimi digər mənfi amillər. Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti kimi qəbul edilərək Qərb dövlətləri ilə müqayisədə daha səmərəli şəkildə həyata keçirilir. Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayan bir dövlətdir. Dünyada bizim təcrübəmiz öyrənilir. Əgər Azərbaycan təcrübəsi tətbiq edilərsə, başqa ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində qurulacaq. Azərbaycan, həmçinin çoxlu sayda beynəlxalq tədbirlərə, Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumlarına ev sahibliyi edir. Bu onu deməyə əsas verir ki, Azərbaycanın multikulturalizm siyasəti həm daxili, həm də xarici siyasətində özünü göstərir".
Daha sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov bildirib ki, Azərbaycanda multikulturalizm, mədəni müxtəliflik dövlət syasəti səviyyəsinə qaldırılıb. O qeyd edib ki, Multikulturalizm Mərkəzi bu günə qədər Azərbaycanın multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində onlarla layihə həyata keçirib.