...

Poroşenko: Ukrayna TANAP-dan Bolqarıstan və Rumıniya vasitəsilə təbii qaz almağa hazırdır

Siyasət Materials 12 İyun 2018 19:43 (UTC +04:00)
Transanadolu boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyini təmin edəcək.
Poroşenko: Ukrayna TANAP-dan Bolqarıstan və Rumıniya vasitəsilə təbii qaz almağa hazırdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ukrayna enerji təchizatı mənbələrini diversifikasiya etməyə və Transanadolu boru kəmərindən (TANAP) Bolqarıstan və Rumıniya vasitəsilə təbii qaz almağa hazırdır

Trend-in məlumatına görə, bunu Ukrayna Prezidenti Petro Poroşenko bu gün Türkiyənin Əskişəhər vilayətində keçirilən TANAP layihəsinin açılış mərasimində deyib.

P.Poroşenko deyib: "TANAP bütün bölgənin rifahına böyük töhfədir. Bu nəinki tamamilə yeni bir layihə, elecə də Avropa sistemini təmin edəcək qaz mənbələrinin mənimsənilməsinin yeni mərhələsidir. Ukrayna bu layihəni tamamilə dəstəkləyir. Bunun üçün sizə təşəkkür etmək istəyirik və bildiririk ki, bu gün biz enerji mənbələrimizi şaxələndirməkdən və TANAP-dan Bolqarıstan və Rumıniya vasitəsilə qaz almaqdan daha məmnun olacağıq".

Ukrayna Prezidentinin sözlərinə görə, bu layihə yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün Avropa, o cümlədən Ukrayna üçün vacib layihədir:

"Mən Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana belə mühüm layihənin reallaşdırılması üçün minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, bu gün açılış olan TANAP layihəsi Cənub Qaz Dəhlizinin ən mühüm halqasıdır. Cənub Qaz Dəhlizinin digər hissələri “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri və TAP layihələridir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti