...

Zakir Həsənov: Ermənistanla Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib

Siyasət Materials 22 İyun 2018 12:14 (UTC +04:00)
Ermənistanla Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.
Zakir Həsənov: Ermənistanla Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib

Bakı. Samir Əli - Trend:

Ermənistanla Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Z.Həsənov qeyd edib ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir.

Nazir bildirib ki, son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistanla Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib: “Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi".

O qeyd edib ik, regionun xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınmaqla, o cümlədən düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədilə silahlanmaya inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir”.

General-polkovnik əlavə edib: “Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda, ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur”.

Z.Həsənov deyib ki, ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir. Ordunun silahlanmasına yeni daxil edilən silah və texnikanın öyrənilməsi və düzgün istismarını təmin etmək məqsədilə kadrların hazırlığına xüsusi diqqət yetirilir, təşkil edilən kurslarda hərbi qulluqçularımız müvafiq təhsil alır və öz bacarıqlarını təkmilləşdirirlər.

Nazir bildirib ki, döyüş ruhunu yüksək səviyyədə saxlamaq məqsədilə Ordumuzda ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, dövlət və ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun dirçəlişi, milli ideologiyanın inkişafı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi dərindən öyrənilir və hərbi qulluqçular arasında təbliğ edilir:

“Bu gün tam əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti