Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva təşkilatın Strasburqdakı yay sessiyasınd Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələrdə deyib.
Q.Paşayeva bildirib ki, Azərbaycanda prezident seçkilərini 61 təşkilatdan, 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib:
"Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik keçirilməsi ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verib. Sadəcə ATƏT və AŞ PA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirdi. Yüzlərlə beynəlxalq müşahidəçi özləri birbaşa müşahidə etdiyi seçkilərin azad, ədalətli, demokratik, şəffaf keçirildiyini deyir, amma AŞ PA onların səslərini eşitmək istəmədi və istəmir. AŞ PA Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır. Bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəldir".
Millət vəkili qeyd edib ki, Azərbaycanda seçkilərdə əhali fəal iştirak edərək öz istədiyi namizədə azad səs verib: "Namizədlər üçün təbliğat-təşviqat kampaniyası zamanı bərabər imkanlar yaradılıb. Qeyd edim ki, seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusu və seçkilər günü keçirilən "exit-pol"larda da Prezident İlham Əliyevin qələbəsi öz əksini tapırdı. Dünya ölkələrinin, o cümlədən Avropa ölkələrinin rəhbərləri, Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması, prezident seçilməsi münasibətilə təbrik edib".
Q.Paşayeva AŞ PA-dakı həmkarlarını məsələyə daha həssas, obyektiv yanaşmağa çağırıb:
"Düz 100 il əvvəl Azərbaycan bütün müsəlman şərqində ilk parlamentli demokratik respublika quran, qadınlara seçmək və seçilmək haqqı verən bir dövlətdir. Sovet işğalına qarşı mübarizə apararaq müstəqilliyini təkrar qazanan Azərbaycanda demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır və bu islahatlar davam edir. Ona görə də Assambleyamız ikili standartlara son qoyub Azərbaycana daha çox dəstək olmalıdır. Azərbaycanın Qərblə Şərq, Qərblə müsəlman dünyası arasında bir körpü olduğunu nəzərə alsaq, bu, Azərbaycan qədər təşkilatımız üçün də çox önəmlidir”.