...

Tahir Mirkişili: Qəza dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi

Siyasət Materials 5 İyul 2018 16:35 (UTC +04:00)
Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş hadisə miqyasına görə çox böyükdür.
Tahir Mirkişili: Qəza dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi

Bakı. Samir Əli - Trend:

Mİngəçevir İstilik Elektrik Stansiyasında baş vermiş hadisə miqyasına görə çox böyükdür.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyan da böyükdür: "Qəzanın səbəblərini ölkə Prezidenti tərəfindən yaradılmış komissiya araşdırır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşma və texniki standartlara tam əməl olunmama mövcuddur. Dövlət başçısının məsələni şəxsən diqqətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcəkdir. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də qəza zamanı müvafiq dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi".

Millət vəkili bildirib ki, elektrik enerjisi, istilik, telekommunikasiya sahələri təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulur və buna görə də bu sahələrdə baş verən miqyaslı qəzalar təbi fəlakətlərlə eyni ölçülür: "Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq intensiv xarakter almağa başlamışdır. 2003-ci ildə ABŞ-ın bütün şimal-şərq regionunda baş verən “Böyük bləkaut” hadisəsi miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı. Elektrik Şəbəkəsinin “çökməsi”nin bir sıra səbəbləri olur. Ümumi olaraq səbəblər artıq yüklənmə, resursların çatışmazlığı, texniki qəzalar və insan amilidir. Miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyası və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır. Hesablamalara görə elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçik və orta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər. Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Bizim enerji potensialımız artıq 6 400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir".

Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti