...

Prezidentin fərmanının aspektləri: Qızıl orta hədd siyasəti və islahat mərhələlərinin əvəzlənməsi

Siyasət Materials 1 Mart 2019 19:22 (UTC +04:00)
Dünən Prezident İlham Əliyev fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərman imzaladı.
Prezidentin fərmanının aspektləri: Qızıl orta hədd siyasəti və islahat mərhələlərinin əvəzlənməsi

Bakı. Trend:

Dünən Prezident İlham Əliyev fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərman imzaladı.

Bu fərmanın 6 mühüm aspekti var. Birincisi, sosial aspektdir. Yəni fərman 850 minə qədər vətəndaşın həyatına ciddi şəkildə yüngülləşdirici təsir edəcək. İkincisi, maliyyə-iqtisadi aspektdir. Bu bankların və bank olmayan təşkilatların sağlamlaşdırılması istiqamətində, onların güclənməsi üçün ciddi bir təkan verəcək. Üçüncüsü isə dövlət-vətəndaş münasibətləri aspektidir ki, məhz bu fərmanla Prezident göstərdi ki, dövlət vətəndaşla bankı problemlərlə üz-üzə qoymur və hər ikisi üçün çətin məqamda onların köməyinə gəlir. Bu məqam bizim kimi gənc dövlətlərdə vətəndaş-dövlət bağlarını gücləndirmək üçün çox, həm də çox vacibdir. Fərmanın dördüncü aspekti siyasidir. Bu o deməkdir ki, fərman sosial problemləri həll etməklə narazı elektoratın sıralarını məhdudlaşdırır, əhalidə müsbət gözləntilər formalaşdırır. Bu da 2018-ci ilin aprelindən başlamış liberal islahatların davam etdirilməsi üçün əlverişli sosial-siyasi mühit formalaşdırır. Nəhayət, beşinci aspekt ondan ibarətdir ki, bir tərəfdən sosial problemlərin, o biri tərəfdən də mühüm iqtisadi və bazar subyekti olan bankların sağlamlaşdırılması ölkədə həm daxili, həm də xarici investisiyalar üçün əlverişli sosial-siyasi və maliyyə-iqtisadi mühiti təmin edir.

Banklar da qazanır, əhalinin yerdə qalan hissəsi də

-Banklar, problemli kreditlərdən azad olur;
-Kreditləşdirmə üçün vəsait əldə edir;
-Çoxsaylı məhkəmə çəkişmələrindən azad olur;
-Bank-müştəri münasibətlərində qarşılıqlı etimadı möhkəmləndirir;
-Bütün bunlar banklara daha əlverişli şərtlərlə kredit vermək və xidmət faizlərini aşağı salmaq imkanları yaradır;
-İqtisadiyyatın nəfəsliyi olan bank sektorunu gücləndirir

Məsələnin bir aspekti də ondan ibarətdir ki, fərman təkcə problemli kreditləri olan vətəndaşlar üçün deyil, bütövlükdə əhali, xüsusilə də işgüzar dairələr üçün sərfəli kredit imkanları yaradacaq. Beləki, banklar daha aşağı faizlə real sektora kreditlər verəcəklər.

Fərmanın altıncı aspekti də çox diqqətəlayiqdir. Bu, bazar subyektləri ilə qeyri-bazar subyektlərinin bir araya gətirilməsidir. 1) Banklar və onların 2) əmanətçiləri sırf bazar subyektləri, 3)dövlət və problemli krediti olan 4)fiziki şəxslər isə qeyri-bazar subyektləri kimi çıxış edirlər.

Müxtəlif maraqlar arasında qızıl orta hədd

Bu aspektdən Prezidentin problemli kreditlərlə bağlı fərmanı ortaya çıxmış ciddi sosial və iqtisadi problemin hamının uduşda olduğu variantda həlli formasıdır. Bu qızıl orta həddin tapılması modelidir. Burada bazar subyekti olan banklar, bankların əmanətçilərinin və qeyri-bazar subyektlərinin - dövlətin və problemli krediti olan vətəndaşların ortaq maraq nöqtəsi tapılıb. 4 müxtəlif şərtlər daxilində mövcud olan subyektlərin maraqları bir araya gətirilib.

Yəni 1) problem həll edilir, amma 2) bazar mexanizmləri ilə sosial müdafiə mexanizmləri optimal variantda uzlaşdırıldığı üçün 3)dövlətə böyük yük düşmür, bazar subyektləri olan banklar da kreditlərin köməyi ilə 4) problemi qazanaraq həll etmək imkanı əldə edirlər. 5) Bankların inkişafına şərait yaradıldığı üçün bankda əmanəti olan 6) əmanətçilər də sığortalanmış olur, 7) krediti olan aztəminatlı vətəndaşların da həyatı yüngülləşir.

Fərmanın siyasi fəlsəfəsi, idarəçilik fəlsəfəsi bundan ibarətdir! Bu, populizm deyil, problemlərin hamının uduşda olduğu variantda həlli formasıdır.

İslahat mərhələlərinin növbələnməsi

İslahat mərhələlərinin növbələnməsi çox mühüm bir məsələdir və böyük əhəmiyyət kəsb edən idarəçilik texnikası göstəricisidir. Məsələn, islahatların başlanğıcı kimi Konstitusiyada dəyişiklik edildi və vitse-prezidentlik institutu yaradıldı. Bunun ardınca Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildi. Bu, islahatlara hazırlığın administrativ-hüquqi mərhələsi idi. Yəni qarşıda duran liberal islahatların mümkün neqativ siyasi təsirlərini neytrallaşdırmaq üçün Prezident öz administrativ dayaq nöqtələrini artırdı və gücləndirdi.

İkinci mərhələdə liberal islahatlar keçirildi. Buraya kölgə iqtisadiyyatının sərhədlərinin məhdudlaşdırılması, şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin güclənməsi və infrastruktur islahatları daxildir. Təbii ki, liberal islahatların bəzi sosial və siyasi gərginlik yaratması qaçılmazdır. Odur ki, belə yüksək templi liberal islahatların doğura biləcəyi gərginliyi yumşaltmaq, islahatları əlverişli sosial mühitlə təmin etmək üçün bir tərəfdən paralel olaraq sosial müdafiə tədbirləri görülürdü. Məsələn, şəhid ailələrinə 11 min manat yardım edilməsi, evlər verilməsi, məcburi köçkünlərin evlə təminatı və s. bu siyahıya aiddir. Ancaq korrupsiyaya qarşı mübarizə, şəffaflığın təminatı və s. islahatlar büdcəyə əlavə vəsaitlər cəlb edə bildi. Bu da yüksək templə liberal islahatları davam etdirmək üçün əlverişli sosial mühitin formalaşdırılmasına inkan yaratdı. Nəticədə, “yüksək templi liberal islahatlar mərhələsi”ni, “yüksək templi sosial müdafiə mərhələsi” əvəzlədi. Təbii ki, bu, paralel olaraq islahatların davam etdirilməsi üçün yaxşı sosial mühit vəd edən bir siyasətdir. Odur ki, Prezident artıq “məhkəmə-hüquq” sahəsində islahatların anonsunu verdi: "məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib".

Bizi yeni - biri liberal, digəri sosial olan, həm də yaxşı islahatlar gözləyir!

İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti