Bakı. İlhamə İsabalayeva - Trend:
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesini ləngitmək, təxribat törətmək Ermənistan rəhbərliyinin köhnə siyasətidir.
Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov qeyd edib: "Biz Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tanımırıq. Sözsüz ki, Ermənistan rəhbərliyinin qeyri-səmimi davranışları sülh danışıqlarının düzgün məcrada aparılmasına mane olur. Ermənistan danışıqlardan yayınmaq, prosesi pozmaq üçün hər zaman müxtəlif bəhanələr gətirir: format dəyişdirilsin, qondarma rejim danışıqlarda iştirak etsin və s".
I Vitse-spiker bildirib ki, bu format 1992-ci ildən ATƏT-in Minsk qrupu tərəfindən təsdiq edilib və danışıqlar da bu istiqamətdə davam etdirilməlidir:
"Bizim mövqeyimiz hamıya – beynəlxalq ictimaiyyətə, ATƏT-in Minsk qrupuna bəllidir. Azərbaycan formatın dəyişdirilməsinin qəti əleyhinədir. Çünki münaqişə Azərbaycan və Ermənistan arasındadır, torpaqlarımızı Ermənistan işğal edib. Amma Ermənistan hər vəchlə danışıqların bu formatda aparılmasına mane olmağa çalışır. Minsk qrupunun həmsədrləri də hesab edir ki, danışıqların formatı dəyişilməz olaraq qalmalıdır. Biz danışıqların bu istiqamətdə getməsinin tərəfdarıyıq".
O vurğulayıb ki, Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq olub: "Danışıqlar prosesini ləngitmək, qeyri-səmimilik, təxribat törətmək Ermənistan rəhbərliyinin köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur. Hər halda bizim səbrimiz tükənməz deyil. Danışıqlar prosesinin beynəlxalq hüququn bərqərar olunması, torpaqların işğaldan azad olunması və regionda sülhün bərpa olunması ilə nəticələnməsini istəyirik. Biz həm beynəlxalq hüquqdan, həm ordumuzdan, həm də beynəlxalq dəstəkdən istifadə edib, istənilən vasitə ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bütün hallarda istəyirik ki, münaqişə danışıqlar yolu ilə həllini tapsın. Əgər başqa variant olacaqsa, biz buna da hazırıq".