...

Tamam Cəfərova: Prezident İlham Əliyevin həyata keçirdiyi bütün layihələrin əsasını insan faktoru təşkil edir

Siyasət Materials 30 May 2020 12:14 (UTC +04:00)
Azərbaycanın artan nüfuzu Ermənistan başda olmaqla, bir sıra ölkələrdə qıcıq yaratsa da, qarşısıalınmaz inkişaf tempi heç bir məhdudiyyət tanımır
Tamam Cəfərova: Prezident İlham Əliyevin həyata keçirdiyi bütün layihələrin əsasını insan faktoru təşkil edir

Bakı. Trend:

Azərbaycan cəmiyyətinin ən həssas təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlər mütəmadi olaraq dövlət qayğısını öz üzərlərində hiss edirlər. Ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1 336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş “Qobu Park-3” yaşayış kompleksinin açılışını da, məhz bu konteksdən qiymətləndirmək ən doğru yanaşma olardı.

Bu sözləri Trend-ə açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış bütün tədbirləri qəbul olunmuş dövlət proqramı şərtləndirir:

“Hesab edirəm ki, dövlət proqramına uyğun şəkildə aparılan işləri təkcə ümumi sözlərlə ifadə etmək yetərli deyil. Statistik rəqəmlər göstərir ki, 20 il ərzində qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin artırılması məqsədi ilə dövlət büdcəsindən 5,1 milyard manat vəsait ayrılıb. Hansı ki, o vəsaitin 2 milyarddan bir qədər artığı məhz məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Nəticədə Cənab Prezidentin vurğuladığı kimi, 300 mindən artıq məcburi köçkünün mənzil problemi həll olunub. Neftin qiymətində kəskin azalmalara baxmayaraq, məcburi köçkünlərin kommunal xərclərindən tutmuş, aylıq yemək xərclərinə qədər, ayrılan vəsaitlərdə bir neçə dəfə artım olub. Bütün bunlar böyük vəsait hesabına reallaşıb. Cənab Prezident dəfələrlə vurğulayıb ki, gördüyü işlər, həyata keçirdiyi bütün layihələr Azərbaycan vətəndaşının rifahına hesablanıb”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimində bir neçə ciddi mesaj səsləndirib. Onlardan biri, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış komplekslərinin müvəqqəti xarakteri ilə bağlıdır:

“Dövlət başçısı bu mesajı verməklə həm işğalçı ermənilərə, həm də daxili auditoriyanı çaşdırmağa çalışan radikal müxalifətə öz mövqeyini bir daha qəti şəkildə çatdırmış oldu. Prezident torpaqlar işğaldan azad olunandan sonra məcburi köçkünlərin geri qayıtmayacağı ilə bağlı səslənən fikirlərin cəfəngiyat olduğunu bəyan edərək, Cocuq Mərcanlıya o möhtəşəm qayıdışı misal gətirdi. Deməli, ortada bir nümunə olduğu halda, nə müxalifətin, nə də Ermənistan hakimiyyətinin sevinməsinə heç bir əsas qalmır”.

Tamam Cəfərova bildirib ki, Prezident İlham Əliyev öz çıxışında, erməni siyasi “elita”sının danışıqlar prosesi ilə bağlı, öz daxili auditoriyalarına hesablanmış yalanlarını da ifşa edib:

“Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həll variantıdır. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır. Ali baş komandan qəti şəkildə bildirdi ki, mərhələli həlldən başqa heç bir həll mümkün deyil. “Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir”, - deyən cənab Prezident, növbəti dəfə ciddi bir nidaya (!) işarə etdi”.

Millət vəkili hesab edir ki, Prezidentin verdiyi mesajlardan biri də özəl şirkətlərin sosial məsuliyyəti ilə bağlıdır:

“Dövlət başçımız özəl sektorun bu tip sosial layihələrə qatılmasını təqdir edərək, Azərbaycanda fəaliyyət göstərən, dövlətin imtiyazlarından yararlanan digər özəl şirkətlərə də mesaj verərək, bu tip layihələrdə aktiv olmalarını bir daha tövsiyə etdi. Yəni dövlətin dəstəyini daim öz üzərində hiss edən şirkətlərin borcu, dövlətinin yanında olmaqdır. Cənab Prezident digər çıxışlarında, ölkədə fəaliyyət göstərən bankların da real sektora maraq göstərməsinin vacibliyinə toxunur. Əgər sadəcə istehlak kreditlərinə üstünlük verən banklar real sektora investisiya yatırsalar, bu, minlərlə əlavə iş yerlərinin açılmasına da xidmət edəcək. Nəticədə, Cənab Prezidentin hər şeydən üstün tutduğu insan faktoru qazanacaq".

Milli Məclisin deputatı görülən işlərdə birinci xanım Mehriban Əliyevanın da əməyini xüsusi olaraq vurğulamağı vacib bilir:

“Cənab Prezidentin də dediyi kimi, bu şəhərciklərin salınmasının təşəbbüskarı məhz Mehriban xanım Əliyeva olub. 2017-ci ildə onun iştirakı ilə həmin ərazidə təməl daşının qoyulmasını da çox yaxşı xatırlayırıq. Ümumiyyətlə bütün sosial layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri olub və olmaqda davam edir”.

T.Cəfərova bildirib ki, demokratik və hüquqi dövlət quruculuğu yolunda Azərbaycanın artan nüfuzu Ermənistan başda olmaqla, bir sıra ölkələrdə qıcıq yaratsa da, qarşısıalınmaz inkişaf tempi heç bir məhdudiyyət tanımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti