...

Ağılın gücü ilə qazanılmış Qələbə və Azərbaycanın “ağıllı güc” strategiyası

Siyasət Materials 19 Dekabr 2020 17:52 (UTC +04:00)
Ağılın gücü ilə qazanılmış Qələbə və Azərbaycanın “ağıllı güc” strategiyası

Bakı. Trend:

Qırx dörd gün davam edən və noyabrın 10-da başa çatan Vətən müharibəmiz xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğu istiqamətində aparılan strategiyanın və müəyyən hədəflərə hesablanmış ağıllı siyasətin məntiqi nəticəsi oldu. Bu qırx dörd gün bütün dünya ordumuzun gücünə, möhkəm siyasi iradəmizə, xalqımızın sarsılmaz birliyinə, böyük iqtisadi imkanlarımıza və Qələbəmizi şərtləndirən bu kimi digər amillərə şahidlik etdi. Bu gücü isə Azərbaycan 27 il ərzində atılan düşünülmüş addımlar, verilmiş müdrik qərarlar sayəsində qazanıb.

Birinci Qarabağ müharibəsindən dərhal sonra güclü dövlət quruculuğuna başlayan Azərbaycan həm də Ermənistanı iqtisadi blokadaya saldı

Beynəlxalq münasibətlər sistemində, bütün analizlərdə, nəzəriyyələrdə güc əsas amil kimi çıxış edir. Dövlətlərin mövcudluğunu qoruyub saxlamaları üçün müəyyən gücə sahib olmalarının vacibliyi, beynəlxalq siyasətin, əslində, güc uğrunda bir mübarizə olması haqqında müxtəlif nəzəriyyələr də var. Uzun illər ərzində güc deyilərkən yalnız hərbi qüdrət nəzərdə tutulurdusa, sonralar artıq iqtisadi əməkdaşlıq, sərmayə yatırımları və digər bu kimi yollarla qarşıya qoyulan hədəflərə çatmaq mümkün oldu.

Birinci Qarabağ müharibəsindən ağır itkilərlə çıxan Azərbaycanda isə ötən 27 il ərzində güclü dövlət quruculuğu məhz yuxarıda qeyd etdiyimiz hər iki istiqamət nəzərə alınmaqla həyata keçirildi. Bu da təbiidir. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas səbəblərdən biri orduda vahid komandanlığın olmaması idisə, digəri isə ölkədə mövcud olan özbaşınalıq səbəbindən iqtisadi inkişaf üçün heç bir əsaslı addımın atılmaması oldu. Yəni, heç bir dövlətçilik anlayışı olmayan təsadüfi şəxslərin hakimiyyətə gəlmələrinin acı nəticəsi olaraq torpaqlarımızın 20 faizi işğal edildi, ölkə isə məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev isə məhz “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipi əsasında dövləti əsaslı şəkildə yenidən qurmağa başladı.

Müharibədən yenicə çıxmış bir ölkənin 1994-cü ildə - atəşkəsin əldə olunmasından bir neçə ay sonra “Əsrin müqaviləsi” kimi önəmli bir sazişin imzalanmasına nail olması təbii ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda atılan ən önəmli addım idi. Bu da birmənalı olaraq Heydər Əliyevin beynəlxalq arenadakı nüfuzunun, təsir imkanlarının və ona olan inamın sayəsində reallığa çevrilmiş oldu. Bununla yanaşı, Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə, digər xarici dövlətlərlə və təsisatlarla qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri quruldu ki, bu da zamanla ölkəmizin siyasi maraqlarının beynəlxalq miqyasda təmin olunmasında mühüm rola malik oldu. Beləliklə, Ermənistanın iqtisadi blokadasının və gələcək hərbi məğlubiyyətinin təməli elə birinci Qarabağ müharibəsindən dərhal sonra qoyulmuş oldu.

Bununla yanaşı, ölkədə makroiqtisadi sabitlik təmin olundu və iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırımları edildi. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən başlayaraq ölkəmizə xarici investisiya qoyuluşunda sürətlə artım müşahidə olundu və qısa müddət ərzində bu rəqəm 10 milyard dollara çatdı. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatdı. Bütün bunların sayəsində də ölkəmiz davamlı iqtisadi inkişaf yoluna qədəm qoymuş oldu.

Bununla yanaşı, qısa müddət ərzində Azərbaycan nizami ordunun formalaşması, ölkənin beynəlxalq aləmdə tanınması, imicinin formalaşması, bir nömrəli problemimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də mühüm addımlar atıldı. Bu məqamda ATƏT-in Lissabon sammitində Heydər Əliyevin qətiyyətli iradəsi sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müddəaların ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatına salınmasını qeyd etmək lazımdır.

İqtisadi imkanlar, qlobal əməkdaşlıq, qüdrətli ordu, beynəlxalq dəstək

Əgər 1993-2003-cü illər Azərbaycanın güclü dövlət qurmaq yoluna ilk addımları kimi qiymətləndirilirsə, sonrakı 17 il ərzində Azərbaycan beynəlxalq münasibətlərin fəal aktorlarından biri kimi, mühüm qlobal təşəbbüslərlə aparıcı dövlət olmaq yolunda böyük addımlar atdı.

Azərbaycanın bir başa təşəbbüsü və iştirakı ilə həyata keçirilən neft, qaz və nəqliyyat layihələri nəinki ölkəmizin, həmçinin regionun iqtisadi qüdrətini artırdı, buna paralel olaraq isə bütün bu fürsətlərdən kənarda qalmış Ermənistanın iqtisadi blokadasını daha da gücləndirdi və işğalçı ölkənin onsuz da məhdud olan iqtisadi imkanlarının üzərindən tamamilə xətt çəkmiş oldu. Belə olan halda iqtisadi maraqların daim öndə tutulduğu dünyada Azərbaycana maraq daha da artdı. Etibarlı tərəfdaş imicini formalaşdıran ölkəmiz qısa müddət ərzində artıq Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Qonşu və tərəfdaş ölkələrlə iqtisadi tellərlə qurulan münasibətlər qısa müddət ərzində siyasi və digər sahələrdə də əməkdaşlıq əlaqələrinin formalaşmasını təmin etdi. Qonşu ölkələrin iştirakı ilə qurulan çoxtərəfli platformalar isə regionda yeni əməkdaşlıq imkanları açdı və böyük maraqla qarşılandı.

Təbii ki, artan iqtisadi imkanlar artıq ordu quruculuğuna daha böyük vəsaitlərin ayrılmasına, hərbi arsenalımızın ən müasir texnikalarla təchiz edilməsinə böyük imkanlar açırdı. Ötən illər ərzində məhz hərbi məqsədlər üçün hər il əvvəlkilərdən daha böyük məbləğlərdə vəsaitlər ayrıldı, bir çox hallarda Silahlı Qüvvələrimizə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən 2 dəfə çox olurdu. Bununla yanaşı, peşəkar hərbçilərin hazırlanması istiqamətində də böyük işlər görüldü. Hərbçilərin beynəlxalq təlim və kurslarda iştirakları təmin edildi, vətənpərvərlik ruhu ən yüksək səviyyədə təbliğ olundu.

Əlbəttə ki, ali hədəflərə çatmaq yolunda haqq işimizin beynəlxalq ictimaiyyətə çatdırılması və onun dəstəyinin qazanılması olduqca zəruri məsələlərdən idi. Ölkənin ali rəhbərliyinin bütün səfərlərində, keçirdiyi bütün görüşlərində, mötəbər tribunalarda etdiyi bütün çıxışlarda Dağlıq Qarabağ münaqişəsi əsas mövzu oldu. Bununla yanaşı, müvafiq dövlət qurumlarımız, diplomatik missiyalarımız, diaspor təşkilatlarımız bu işdə səfərbər olundu və əməli addımlar atıldı, beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı.

Həmçinin ötən illər ərzində münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə yanaşı, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər də Vətən müharibəsində bizim haqlı mövqeyimizi bir daha gücləndirmiş oldu.

Demək olar ki, ötən illər ərzində iqtisadi qüdrətindən səmərəli və məqsədli şəkildə istifadə edən Azərbaycan əksər sahələrdə qabaqcıl ölkələr sırasında yer aldı. Ən önəmlisi isə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan birinə çevrildi.

İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu

Beləliklə, 2020-ci ilin son aylarında hər kəs “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin əsl mahiyyətini, bu kəlamın fəlsəfəsinin nədən ibarət olduğuna şahidlik etdi: İqtisadiyyatı güclü olan dövlət bir neçə il ərzində işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə qadir oldu.

Azərbaycan 27 ildən çoxdur ki, onun ədalətli mövqeyini qəbul etmək istəməyənlərə, Ermənistana və ona havadarlıq edib işğalın davam etdirilməsini təmin edənlərə 44 gün ərzində həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə başa saldı ki, artıq o, özü bir güc sahibidir.

Bəli, 27 il ərzində Azərbaycan öz inkişaf yolunu seçdi, gücləndi, Ermənistanın isə bütün yollarını bağlayaraq güclənməsinin qarşısını aldı, onu bütün regional layihələrdən kənarda buraxdı. Elə bir mühit formalaşdırdı ki, xarici ölkələr regionda etibarlı tərəfdaş kimi, Azərbaycanı seçdi. Bu iqtisadi güc, qüdrətin verdiyi imkanlar Azərbaycanın döyüş meydanında da parlaq qələbəsini şərtləndirən əsas amil oldu. Ordumuz 44 gün ərzində düşmənin belini qıraraq, onu torpaqlarımızdan iti qovan kimi qovdu.

Artıq Ermənistan başa düşür ki, Azərbaycanın gücünü qəbul edib və onunla hesablaşmaqdan başqa yolu qalmayıb. Ermənistan rəhbərliyi də etiraf edir ki, onlar illər ərzində bütün sahələrdə Azərbaycandan qat-qat geridə qalmışdılar. Hətta danışıqlar masasında belə Azərbaycanın aşkar üstünlüyünün olduğunu qəbul edirlər. Ermənistanın ilk olaraq Qarabağı diplomatik masada uduzduğunu etiraf edir, beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını sənədləşdirdiyini vurğulayırlar.

Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat isə Ermənistanın acı məğlubiyyətinin etirafı oldu. Lakin işğala son qoyulması, Ermənistan xalqı üçün də yeni imkanların açılması deməkdir.

Azərbaycanın “Ağıllı güc” strategiyası: “Sərt güc”dən “yumşaq güc”ə keçid

Güclü iqtisadiyyatı, qüdrətli Ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bu “sərt gücün” tətbiqi ilə Azərbaycan işğalçıya yerini göstərdi, işğala son qoydu və yeni reallıqlar yaradaraq əməkdaşlıqlar üçün də yeni imkanlar açdı.

“Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər. Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər”. Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata bəyanatında bildirib. Türkiyə Prezidenti də öz bəyanatında buna bənzər fikirlər səsləndirib.

Əlbəttə ki, bu təşəbbüs Azərbaycanın sülhpərvər siyasətinin daha bir təcəssümüdür. Həm də ölkəmiz “sərt güc” və “yumşaq güc”ün sintezi olan “ağıllı güc” strategiyasından məharətlə istifadə etməklə əsl məqsədinin davamlı sülhə nail olmaq olduğunu ortaya qoyur, həmçinin illərdir işğalçı Ermənistana düşdüyü ağır vəziyyətdən çıxmaq yollarını göstərir.

Əsəd Məmmədov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti