...

Naxçıvanın Muxtar Respublika olması Ermənistanın buraya iddiasının qarşısını aldı - AMEA-nın vitse-prezidenti

Siyasət Materials 9 Fevral 2021 20:27 (UTC +04:00)
Naxçıvanın Muxtar Respublika olması Ermənistanın buraya iddiasının qarşısını aldı - AMEA-nın vitse-prezidenti

Bakı. İlhamə İsabalayeva - Trend:

Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu əldə etməsi və muxtar respublika kimi fəaliyyət göstərməsi bu diyarın çoxəsrlik tarixinin şərəfli hadisəsidir. Muxtariyyət statusu qazanmaq Naxçıvanın qədim Azərbaycan torpağı kimi özünün tarixi yolunu davam və inkişaf etdirməsi və əbədi olaraq Azərbaycanın tərkibində qalmasının ən mühüm səbəblərindən biridir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanın bir parçası olaraq, Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın bu qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkilmişdir.

Akademik hesab edir ki, Naxçıvanda Azərbaycana bağlı muxtar respublikanın təşkil olunması tarixi zərurətdən yaranmışdır. Rusiya bolşevik hökumətinin köməyi ilə 1919-1920-ci illərdə ermənilərin Zəngəzuru işğal etməsi ilə Naxçıvan diyarının Azərbaycandan ayrı salınması Naxçıvan ərazisində muxtar bir dövlət qurumu yaradılmasını doğuran əsas zəruri şərtlərdən birincisidir.

İ.Həbibbəyli qeyd edib ki, Rusiya Sovet Federativ (RSF) dövləti Qızıl ordusunun iştirakı ilə Naxçıvan ərazisini işğal etdikdən sonra burada müstəqil bir Naxçıvan Sovet Sosialist Respublikası yaradıldığını elan etməsi əslində həmin torpaqları bir az sonra Ermənistana vermək planlarının başlanğıcı idi:

"Ermənistan Sovet Respublikasının Naxçıvana dair ərazi iddiaları da bu qədim Azərbaycan torpaqlarında muxtar bir dövlət qurumunun formalaşdırılması zərurətini doğurmuşdur. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində coğrafi prinsiplər əsasında yaradılmış muxtar qurumdur. Naxçıvanın muxtariyyət ideyası RSF rəhbərliyi tərəfindən Zəngəzurun Ermənistana verilməsi ilə bu torpaqların Azərbaycan Sovet Respublikasının ərazisindən ayrı salınmasından doğan zərurət əsasında meydana gəlmişdir. İkincisi, Naxçıvana muxtariyyət statusu verilərkən onun ərazisinin coğrafi baxımdan bir neçə dövlətlə: Türkiyə Cümhuriyyəti, İran və Ermənistanla sərhəd olması məsələsi də nəzərə alınmışdır. Beynəlxalq əhəmiyyətə malik olan 1921-ci il Moskva və Qars müqavilələrində Naxçıvanın muxtar qurum kimi statusu siyasi cəhətdən də əsaslandırılmışdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti