...

Ermənistan sərhəd anlayışını keçmiş təmas xətti üzrə təsəvvür etməkdən əl çəkməlidir - Könül Nurullayeva

Siyasət Materials 25 May 2021 18:09 (UTC +04:00)
Ermənistan sərhəd anlayışını keçmiş təmas xətti üzrə təsəvvür etməkdən əl çəkməlidir - Könül Nurullayeva

Bakı. Trend:

Cənubi Qafqazdakı vəziyyətin əsas üstünlüklərindən biri də budur ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı 10 noyabr bəyanatı faktiki sülh müqaviləsinin bağlanması üçün əsas bazadır. Eyni zamanda rəsmi Bakı sülh razılaşması üzərində işə başlamağa hazır olduğunu, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi və ya aradan qaldırmaq üçün sülh razılaşmasına ehtiyac olduğunu dəfələrlə bəyan edib, hətta konkret təkliflər irəli sürüb.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycanın bu istiqamətdə Ermənistan tərəfinə humanitar, iqtisadi və kommunikasiya xarakterli addımnlarını xüsusi qeyd etməliyik:

"Azərbaycan Prezidenti bütün beynəlxalq platformlarda ölkəmizin möcvqeyini açıq şəkildə bəyan edir. Lakin Ermənistan hələ də məsələyə adekvat yanaşma sərgiləməyib. Halbuki sülh müqaviləsi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması əslində bu ölkənin iqtisadi böhrandan xilasını təmin edəcək. Çünki nəticə etibarı ilə söhbət Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsindən gedir
Ermənistanın sağlam yanaşma sərgiləmədiyi məsələlərdən biri də sərhədlə bağlıdır.

Təəssüf ki, Ermənistan işğal dövründə sərhəd anlayışını qoşunların təmas xətti üzrə təsəvvür edib. Faktiki Ermənistanın işğal siyasəti səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb. Lakin hazırkı dövrdə yaranmış yeni reallıqdan çıxış etmək əsas şərtdir. Çünki bu reallıqların əsasında beynəlxalq hüquq amili dayanır.

Sərhədlər SSRİ dövründə respublikaların sərhədlərini müəyyən edən xəritə əsasında həyata keçirilməlidir. İndiki məqamda beynəlxalq qurumalar, xüsusilə də BMT, ATƏT və digər təşkilatlar sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına dəstək verməlidirlər. Bundan sonra təbii ki, bölgədə inteqrasiya və əməkdaşlıq mühiti formalaşacaq. Azərbaycanın iqtisadi potensialı, həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri regionun rifahının reallaşdırılmasına tam şərait yaradır. Ermənistandan isə tələb olunan yalnız siyasi iradədir.

Azərbaycan Prezidentinin də söylədiyi kimi, indi Cənubi Qafqazda inkişaf Ermənistanın siyasi iradəsi və gündəliyindən asılıdır. Bu həssas dövrdə təbii ki, beynəlxalq təşkilatların da üzərinə böyük missiya düşür. Bu təsisatların əsas missiyası tərəflər arasında etimad mühitinin gücləndirilməsinə töhfə vermək və sülh müqaviləsinin imzalanmasını təşviq etmək olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti