...

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 15 İyun 2021 13:15 (UTC +04:00)
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşıladı.

Prezident İlham Əliyev: Əziz qardaşım, Qarabağ torpağına xoş gəlmisiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan: Xoş gördük. Ancaq Qarabağ torpaqlarını yaxıb-yıxıblar.

Prezident İlham Əliyev: İndi daha da görəcəksiniz. Gördünüz də?

Prezident Rəcəb Tayyib Ərdoğan: Gördük.

Prezident İlham Əliyev: Əminə xanım, xoş gəlmisiniz.

Əminə Ərdoğan: Xoş gördük.

Prezident İlham Əliyev: Bura Füzuli bölgəsidir, yəni, Aşağı Qarabağ bölgəsidir. Bakıdan gələndə birinci Qarabağ bölgəsi Füzulidir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Burada yol tikintisi layihələri var.

Prezident İlham Əliyev: Bəli, başladıq. Bu da artıq Qarabağ dağlarıdır, meşələrdir.

x x x

Sonra dövlət başçıları Şuşa şəhərinə yola düşdülər.

Prezident İlham Əliyev: Biz indi Füzuli şəhərindəyik. Şəhəri tamamilə dağıdıblar.

Əminə Ərdoğan: Yol boyunca gördük. Bərbaddır.

Prezident İlham Əliyev: Otuz il ərzində bütün binaları dağıtmış, daşlarını aparmışlar.

Prezident Rəcəb Tayyib Ərdoğan: Demək, işləri-gücləri yıxıb-yaxmaq, talayıb aparmaq olub.

Prezident İlham Əliyev: Həm də buralar minalarla doludur.

Əminə Ərdoğan: O dirəklərin olduğu yerlər minalıdır?

Prezident İlham Əliyev: Bəli, burada yoldan sağa-sola çıxmaq olmaz. On beş əsir verdik və Ağdam rayonundakı bütün minalanmış ərazilərin xəritəsini aldıq.

Prezident Rəcəb Tayyib Ərdoğan: Nə zaman oldu?

Prezident İlham Əliyev: Bu ayın 12-də oldu.

Prezident Rəcəb Tayyib Ərdoğan: Deməli, bu günlərdə olub.

Prezident İlham Əliyev: Bəli. Amma heç bir imzalanma olmadı.

Prezident Rəcəb Tayyib Ərdoğan: Verdikləri xəritələrdə minalanmış yerlər doğru çıxdı?

Prezident İlham Əliyev: Bəli, doğrudur. Çünki amerikalılar zamin durdular. Ağdam rayonu üzrə 97 min minanın xəritəsini bizə verdilər.

Prezident Rəcəb Tayyib Ərdoğan: 97 min?

Prezident İlham Əliyev: Bəli, 97 min. Təkcə bir rayonda. Müharibə qurtarandan sonra bizdə 144 nəfər mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb. Onlar xəritələri vermirdilər. Baxın, bütün binalar dağıdılıb. Otuz il ərzində binaların hamısını dağıdıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan: Təkcə divarları qalıb.

Prezident İlham Əliyev: Bura Füzuli şəhəri olub. Amma şəhər yoxdur.

Bilal Ərdoğan: Burada onlar məskunlaşmayıblar?

Prezident İlham Əliyev: Xeyr, onlar burada yaşamadılar.

Əminə Ərdoğan: Eləmi? Mən burada məskunlaşdıqlarını düşünürdüm.

Prezident Rəcəb Tayyib Ərdoğan: Burada azərbaycanlılar yaşayıblar.

Əminə Ərdoğan: Otuz il ərzində belə boş şəhər?

Prezident İlham Əliyev: Bəli, boş idi. Çünki işğaldan əvvəl də burada ermənilər yaşamırdılar. Burada 100 faiz azərbaycanlılar yaşayırdılar. Ona görə ermənilər işğaldan sonra binaları dağıdıblar ki, biz buraya qayıtmayaq.

Əminə Ərdoğan: Bəs, əkin var idimi, buraları əkirdilərmi?

Prezident İlham Əliyev: Bəli, əkirdilər.

Əminə Ərdoğan: Yəqin, əkinləri də yandırdılar.

Prezident İlham Əliyev: Bəli, yandırdılar, 100 min hektar. Bunlar bizim vətəndaşlarımızın evləri olub. Bütün xəstəxanalar, məktəblər dağıdılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın aldığı xəritələrdə minaların sayının bu qədər çox olduğunu bilmirdim.

Prezident İlham Əliyev: Təkcə bir rayonda.

Prezident Rəcəb Tayyib Ərdoğan: Rəqəm nə qədər idi?

Prezident İlham Əliyev: 97 min.

Prezident Rəcəb Tayyib Ərdoğan: 97 min mina.

Prezident İlham Əliyev: Onların 54 mini tank əleyhinə, qalanı isə piyadalar əleyhinə minalardır.

Bu da bizim qurduğumuz yeni stansiyadır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Bunu nə zaman qurdunuz?

Prezident İlham Əliyev: Bunu dünən açdım. Mən Bakıdan dünən gəldim ki, Sizi burada qarşılayım.

Əminə Ərdoğan: Xeyirli olsun.

Prezident İlham Əliyev: Sağ olun. Bu da yeni yollardır. Burada yollar olmayıb. Biz Şuşaya gedəcəyimiz bu yol olmayıb. Biz bu yola “Zəfər yolu” adını verdik. Çünki bizim hərbçilər Şuşaya buradan gəldilər. Bir azdan sonra biz Hadrut bölgəsində olacağıq. Baxın, o, hərbi hissədir, görürsünüz, təkcə o bina qalmışdı. Mən də gəldim bayrağı burada qaldırdım.

Prezident Rəcəb Tayyib Ərdoğan: Sağlam vəziyyətdə təkcə o bina var idi?

Prezident İlham Əliyev: Bəli, hərbi hissə. Ondan başqa şəhərdə bir bina görməzsiniz, yoxdur.

Əminə Ərdoğan: Oranı da dağıdardılar, yəqin çatdıra bilməyiblər.

Prezident İlham Əliyev: Orada onların əsgərləri qalırdılar. Bütün başqa yerlər də, Ağdam da tam dağıdılıb.

Bilal Ərdoğan: Bəs, özləri harada qalırmışlar?

Prezident İlham Əliyev: Onlar orada qalmamışlar. Onların hərbi mövqeləri, bir neçə müdafiə xətti var idi. Ağdamda, Füzulidə, Cəbrayılda bir nəfər də yaşamırdı.

Əminə Ərdoğan: Bəs, burada nə etməyi düşünürdülər?

Prezident İlham Əliyev: Yəni, bizə qalmasın deyə belə bərbad duruma salıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan: Yəni, məqsədləri o olub ki, azərbaycanlı qardaşlarımız köçkün qalsın, buralar boşalsın.

Prezident İlham Əliyev: Yəni, düşmənçilik.

Əminə Ərdoğan: Məncə əmin deyildilər ki, bura onlarda qalacaq. Yoxsa bir şey edərdilər.

Prezident İlham Əliyev: O da var. Bir də ki, onlarda əhali yoxdur.

Prezident Rəcəb Tayyib Ərdoğan: Kim gəlib qalacaqdı?

Prezident İlham Əliyev: Misal üçün, Şuşanı görəcəksiniz. Şuşada yaşamışlar. Amma bizdə məlumat var idi ki, işğal dövründə Şuşada 1600 adam yaşamışdır.

Prezident Rəcəb Tayyib Ərdoğan: 1600 nəfər?

Prezident İlham Əliyev: Bəli, cəmisi. Amma işğaldan əvvəl Şuşada təqribən 15 min nəfər yaşamışdır, hamısı da azərbaycanlı. 1600 nəfəri oraya zorla, güclə yerləşdirmişdilər. Qalan binaları dağıtmışlar. Cəbrayıl, Zəngilan, Qubadlı, hər tərəf belədir. Bu azad edilmiş torpaqların ərazisi 10 min kvadratkilometrdən də çoxdur. Yəni, Livan boyda bir ərazi tamam dağıdılıb, yerlə-yeksan edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi buranın bərpa işlərini podratçı olaraq azərbaycanlı qardaşlarımız edirlər?

Prezident İlham Əliyev: Yox, onlarla bərabər, burada “Kolin” var, “Cengiz” var.

Prezident Rəcəb Tayyib Ərdoğan: Burada da işləyirlər?

Prezident İlham Əliyev: Bəli, onlar hər yerdə var.

Prezident Rəcəb Tayyib Ərdoğan: Cengiz bayaq mənə zəng etdi, inşaat yerindəyəm dedi.

Prezident İlham Əliyev: Mən dünən Şuşaya yaxın bir yerdə tunelin təməlini qoydum. Orada “Cengiz” yazılmışdı. “Cengiz”, “Kolin”, “Kalyoncu”, bir də bizim iki şirkət. Siz də görəcəksiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan: Bizim bu minatəmizləmə texnikasından hazırda neçəsi gəlib, yeddisi gəlib?

Prezident İlham Əliyev: “Memat”, onlardan onu gəlib. Onlardan əlavə də alacağıq.

Prezident Rəcəb Tayyib Ərdoğan: Mənə dedilər 20-si gələcək.

Prezident İlham Əliyev: Ən azı 20-sini alacağıq.

Prezident Rəcəb Tayyib Ərdoğan: Mən də dedim ki, mümkün olduqca onların sayını artıraq. Çünki bu işi belə detektorla başa çatdırmaq olmaz.

Prezident İlham Əliyev: Onlar çox gözəl texnikadır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Çox yaxşıdır. Mənə də təqdim etdilər. Özü də uzaq məsafədən idarə olunur.

Prezident İlham Əliyev: Minalanmış ərazilərin hamısının xəritələrini alsaq, o bizə böyük üstünlük verəcək. Çünki olmasa, bu, bəlkə də on il çəkər. Çünki hər tərəfi minalamışlar.

Əminə Ərdoğan: Başqa əsir varmı?

Prezident İlham Əliyev: Var, var.

Əminə Ərdoğan: Hissə-hissə.

Prezident İlham Əliyev: İyunun 4-də içərisində mətbuat nümayəndələri də olan “KamAZ” Kəlbəcərdə minaya düşərək partladı, üç nəfər öldü. İkisi mətbuat nümayəndəsi, biri isə valiliyin nümayəndəsi.

Bu da yeni yol. O, yox idi.

Prezident Rəcəb Tayyib Ərdoğan: İndi çəkilməkdə olan?

Prezident İlham Əliyev: Bəli. Bizdə sovet dövründə Şuşaya getmək üçün mütləq gərək Xankəndidən, yəni, ermənilərin yaşadıqları yerdən keçəydik. Füzuli-Şuşa yolu yox idi. Onu biz indi açırıq.

Şuşa qayanın üstündədir. İndi gedəndə, təqribən 50 dəqiqədən sonra görəcəksiniz böyük bir qaya, Şuşa onun üstündədir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Qayanın üzərində bir şəhər.

Prezident İlham Əliyev: Yəni, Şuşaya girəndə onu görmürsən. Əgər hava yaxşı olsa, bəlkə orada bir dəqiqə dayanaq, mən sizə göstərərəm Şuşa harada yerləşir. Yəni, 1992-ci ildə onu təhvil vermək bir xəyanət idi və azad etmək də böyük qəhrəmanlıqdır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Orada qədim bir mədəniyyət var.

Prezident İlham Əliyev: Bizim bir çox məşhur incəsənət xadimləri, bəstəkarlar, şairlər Şuşada doğulublar.

Prezident Rəcəb Tayyib Ərdoğan: Buradakı evləri görürsünüzmü? Bunlara baxın.

Prezident İlham Əliyev: Baxın, dağıdıblar. İndi mina hadisələri nəticəsində ölənlər gizli yollarla buraya, öz evlərinə gəlmək istəyənlərdir. Minalara görə buraya girmək qadağandır. Gəlirlər və ölürlər.

Prezident Rəcəb Tayyib Ərdoğan: Bu yolda üç gediş-üç gəliş zolağı olacaq, yoxsa?

Prezident İlham Əliyev: Bəzi yerlərdə altı zolaq, bəzi yerlərdə dörd zolaq. Amma o dağ olan yerdə iki zolaq.

Prezident Rəcəb Tayyib Ərdoğan: Orada yol daralır?

Prezident İlham Əliyev: Bəli, orada yol daralır. Bir də ki, biz Şuşaya iki yol çəkirik. Biri həmin bu Zəfər yolu, hansı ki, biz gedəcəyik. Bizim əsgərlərin getdiyi yol. Bir də hava limanından magistral yol. Hava limanı da inşa edilir, sentyabr ayında hazır olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşada tikilir, yoxsa?

Prezident İlham Əliyev: Füzulidə.

Bilal Ərdoğan: Onların Xankəndidə hava limanları var deyəsən?

Prezident İlham Əliyev: Var, amma biz icazə vermirik. Burada sovet dövründə olmayıb.

Burada dayanaq, bəlkə bu dağıntıların qarşısında şəkil çəkdirək. Görün, Füzuli şəhəri necədir?

Prezident Rəcəb Tayyib Ərdoğan: Vay, vay, vay!

x x x

Prezidentlər xatirə şəkli çəkdirdilər.

x x x

Prezident İlham Əliyev: İndi Füzulinin baş planı hazırlanır. Yəqin ki, bir neçə aya onu biz artıq təsdiqləyəcəyik. Ondan sonra isə bərpa işlərinə başlayacağıq.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolüstü Şuşa şəhərinin ətraf ərazilərini seyr etdilər.

x x x

Prezident İlham Əliyev: Buradan Şuşanın yerini göstərim.

Prezident Rəcəb Tayyib Ərdoğan: Göstər, baxaq.

Prezident İlham Əliyev: Bax, oradır, o qayanın başı, soldan sağa qədər. O da kənddir, Şuşanın altında, bu kəndin adı Daşaltıdır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Daşaltı, daş orada, o da altı.

Prezident İlham Əliyev: Daşaltı, yəni, daşın altı.

Əminə Ərdoğan: Şuşa onun arxasındadır?

Prezident İlham Əliyev: Şuşa düz onun üstündədir.

Əminə Ərdoğan: Düzənliyin üstündə.

Prezident İlham Əliyev: Bəli, o düzənliyin üstündə. Sağdakı o dağ çıxıntısı Cıdır düzüdür. At yarışları keçirilən məşhur Cıdır düzü. Biz də gedib oraya baxacağıq.

x x x

Burada da xatirə şəkilləri çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti