...

İqtisadi rayonların yeni bölgüsü: Şərqi Zəngəzurun tarixi adı bərpa edildi, Qarabağla bağlı süni bölgü tarixdə qaldı

Siyasət Materials 8 İyul 2021 21:00 (UTC +04:00)
İqtisadi rayonların yeni bölgüsü: Şərqi Zəngəzurun tarixi adı bərpa edildi, Qarabağla bağlı süni bölgü tarixdə qaldı
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə şəhər və rayonlarımızın davamlı və tarazlı inkişafının təmin edilməsi məqsədilə qəbul edilmiş regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü surətdə dəyişib. Belə ki, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, həmçinin əhalinin rifah halı yüksəlib.

İqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirən amillər

Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası həm də ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasında güclü zəmin yaratdı.

Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması əsas hədəflərdəndir. Belə olduqda isə işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması şərti ortaya çıxır.

Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı - FƏRMAN

Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı - FƏRMAN

Məhz bu səbəbdən Prezident İlham Əliyev 07 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzaladı. Fərmanla Azərbaycanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı.

Bu, onunla əsaslandırıldı ki, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Kəlbəcər ən son videolardan - YouTube

Yeni bölgü işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfə verəcək

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Yeni bölgü ilk növbədə tarixi reallığı və iqtisadi səmərəliliyi özündə ehtiva edir, eyni zamanda, bu, Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsidir. Çünki bu, yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlik mühüm bir siyasi-strateji qərardır. Yeni bölgü azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə, işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfə verəcək.

Şərqi Zəngəzurun tarixi adı bərpa edildi

Onu da xüsusi qeyd etmək lazımdır ki, bu qərarla Şərqi Zəngəzurun öz tarixi adı bərpa edilir, eləcə də Xankəndi və Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi olduqca tarixi əhəmiyyətə malikdir.

Möhtəşəm fərman: Şərqi Zəngəzur rayonu - Professor

Beləliklə, şübhə yoxdur ki, iqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək. iqtisadi rayon - ölkə miqyasında təsərrüfatın ixtisaslaşma istiqamətlərinə görə fərqlənən ərazilərdir. Yeni reallıq da iqtisadi rayonlaşdırmaya yeni yanaşmanı əsaslandırır. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək. Bu, həmçinin ölkədə iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institutsional islahatlar aparılmasına xidmət edəcək. Xüsusilə də Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq.

“Dağlıq” sözü Qarabağdan çıxarıldı və süni bölgü tarixdə qaldı

Sonda onu da xüsusi qeyd edək ki, 1921-ci ilin iyulun 4-5-də Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun (Nikol Paşinyanın təbirincə desək, “Kokeyşn Byuro”) plenumunun iclas-protokolu ilə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsi və bölgüsü (sonradan bu ifadə əsasında 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb) 100 il sonra Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə tam aradan qaldırılmış oldu. Belə demək mümkünsə, tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkildi - “Dağlıq” sözü Qarabağdan çıxarıldı və süni bölgü tarixdə qaldı.

Elgün Mənsimov

Twitter: @Elgun_Mensimov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti