...

Beynəlxalq iclasda Qarabağda bərpa-quruculuq işlərindən danışılıb (FOTO/VİDEO)

Siyasət Materials 16 İyul 2021 18:28 (UTC +04:00)
Beynəlxalq iclasda Qarabağda bərpa-quruculuq işlərindən danışılıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Millət vəkili Könül Nurullayeva 13-17 iyul tarixlərində Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin altıncı plenar iclasında iştirak edib.

Trend-in məlumatına görə, deputat çıxışı zamanı ilk növbədə Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız parlaq qələbədən söhbət açıb. Eyni zamanda, Könül Nurullayeva müharibənin başa çatmasından keçən 8 ay ərzində işğal zamanı viran edilmiş Qarabağ zonasında kompleks yenidənqurma layihələrinə start verildiyini bildirib. Millət vəkili xüsusilə "Zəfər yolu" layihəsi, yaşıl enerji texnologiyasının tətbiq olunacağı və ekoloji cəhətdən səmərəli olan "Ağıllı kənd" layihəsi, eləcə də strateji əhəmiyyət daşıyan ərazilərdə yeni hava limanlarının və su elektrik stansiyalarının tikintisi üzrə davam edən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. Deputat həmçinin Ermənistanın postmünaqişə dövründə həyata keçirdiyi cinayətlərə də diqqət çəkib. Bildirib ki, bu günə qədər 40-a yaxın şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olub, 140-dan çox insan yaralanıb. Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentinin mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmasına göstərəcəyi dəstəyin bölgədə sülhün inkişafına töhfə verəcəyini bildirib.

Çıxışının sonunda Milli Məclisin deputatı üzv ölkələri Beynəlxalq Parlamentin əsas fəaliyyət sahəsi olan sülhün təbliğinə dəstək olmağa və bu sahədə ölkələrarası əməkdaşlığı ən yüksək səviyyəyə çıxarmağa çağırıb. Qeyd edək ki, müxtəlif ölkələri təmsil edən xarici işlər nazirləri, parlament üzvləri və sədrlərinin iştirak etdiyi tədbir Monteneqro Parlamentinin prezidenti Aleksa Becic, Monteneqro Xarici İşlər naziri Dorde Radulovic, Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin prezidenti Ahmed Alcarvan, qurumun Baş Məclisinin prezidenti Haqqer İsmail İbrahim Abouqbal, Kolimbiya Parlamentinin üzvü və Beynəlxalq Parlamentin spikeri Marqarita Restrepo, Qvatemala Konqresinin prezidenti Allan Eestardo Rodriquez və Parlamentlərarası Birliyin prezidenti Duarte Paçekonun çıxışları ilə davam edib. Tədbir zamanı həmçinin 7 ölkənin Sülh və Tolerantlıq üzrə Beynəlxalq Şuraya üzvlüyü ilə əlaqədar anlaşma memorandumu imzalanıb. Sonda isə təşkilatın rəhbərliyi tərəfindən tədbir iştirakçıları üçün xüsusi ziyafət təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti