...

Füzuli beynəlxalq hava limanın region üçün əhəmiyyəti

Siyasət Materials 6 Sentyabr 2021 14:37 (UTC +04:00)
Füzuli beynəlxalq hava limanın region üçün əhəmiyyəti

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən gün ölkəmiz üçün tarixi bir gün yaşandı, Füzuli beynəlxalq hava limanında ilk sınaq üçüşu baş tutdu. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərinə başladı:

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işlərini xüsusi diqqətdə saxladı, 2021-ci ilin dövlət büdcəsindən bu ərazilərin bərpası üçün 2 milyard manat vəsait ayırdı. Aparılan sürətli işlər arasında isə hava limanlarının tikintisi ön planda duran məsələlərdən idi çünki nəqliyyat-logistika imkanlarının yaradılması işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı üçün vacib əhəmiyyət kəsb edirdi. Azərbaycan çox qısa müddətdə böyük işlərə imza atdı, cənab Prezidentin 2021-ci ilin yanvarın 14-də təməlini qoyduğu Füzuli beynəlxalq hava limanını qısa müddətdə, hətta vaxtından əvvəl ərsəyə gətirməyi bacardı”.

Deputat vurğulayıb ki, Füzuli hava limanının istifadəyə verilməsinin ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyəti var: “İlk növbədə bu, Azərbaycan dövlətinin güclü iradəsini, Qarabağda həyata keçirilən bərpa-yenidənqurma işlərinə xüsusi diqqət yetirdiyini göstərir. Biz həm dünyaya, həm də düşmənlərə göstəririk ki, biz qaytmışıq, məqsədimiz burada yüksək səviyyəli həyat şəraiti yaratmaq, regionu inkişaf etdirmək və sülh və əminamanlığı təmin etməkdir”.

A.Həsənova qeyd edib ki, Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin sürətləndirilməsinə imkan verəcək:

“Belə ki, hava limanı həmin ərazilərin bərpa və yenidənqurulması üçün zəruri olan yüklərin daha sürətli və asan daşınmasına şərait yaradacaq.

Hava limanının gələcək faydaları isə olduqca böyükdür. Füzuli beynəlxalq hava limanı ilk növbədə bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək. Bu liman gələcəkdə yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün geniş imkanlar açacaq, həm yerli, həm də xarici turistlərin regiona gəlişini asanlaşdıracaq, bölgədə turizmin inkişafına böyük təkan verəcək. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq həmin ərazilərdə inşa olunan beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək. Bütün bunlar isə regionun inkişafına böyük təkan verməklə yanaşı investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq.

Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi də qarşısına məqsəd qoyub və bu məqsəd istiqamətində inamla irəliləyir”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti