...

“Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət 25 Yanvar 2022 17:45 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 25-də YAP Mərkəzi Aparatında Yeni Azərbaycan Partiyasının və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib.

YAP-dan Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları YAP Mərkəzi Aparatının foyesində təşkil olunmuş sahibkar qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə - bunlar tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı.

“Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu, xalqımızın qürur mənbəyinin gücləndiyi, millətin və dövlətin bir yumruq kimi birləşdiyi şəraitdə, qələbəmizin siyasi cəhətdən möhkəmləndiyi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin vüsət aldığı şərəfli bir dövrdə yaşayır. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində məhsuldar iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq və inkişaf etdirmək vacib şərtlərdəndir.

Artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni idarəetmə institutunun yaradılması ilə bağlı mühüm addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyası müəyyənləşib. Artan iqtisadi gücümüz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədini daşıyır. Müdrik siyasət nəticəsində Azərbaycanın regionda iqtisadi rolu yüksəlmiş, xarici təsirlərə davamlı və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaranmışdır.

Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. Əldə edilmiş Qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcək. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır”, - deyə o bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkə əhalisinin yarısını təşkil edən qadınların iqtisadi fəallığının artırılması, idarəetmə və qərarların qəbulu prosesinə cəlb olunması mühüm məsələdir.

"Qadınların özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması həm də davamlı iqtisadi artımı təmin edir. Bu, həm də dövlətimizin iqtisadi cəhətdən güclənməsi deməkdir. Bunun üçün dövlət qurumları ilə yanaşı, müxtəlif qadın təşkilatları, özəl strukturlar, qeyri-hökumət təşkilatları tərəfindən davamlı işlər görülür. Hazırda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranıb", - deyə H.Hüseynova bildirib.

Onun sözlərinə görə, dünyada yaranmış mürəkkəb ictimai-siyasi və iqtisadi vəziyyət, eyni zamanda, pandemiya və Qələbə ilə başa çatan Vətən müharibəsi fonunda Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparıb və bu gün dünyanın inkişaf etmiş nüfuzlu ölkələrindən birinə çevrilib: “Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə həssas qrupdan olan qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə qadınların əmək hüquqları və sahibkarlıq fəaliyyəti ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Lakin müasir dövrün çağırışları, ölkənin qarşısında dayanan vəzifələr bu sahə də dəyişiklikləri zəruri edir”, - deyə o bildirib.

Parlamentin komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan qadınları istər pandemiya, istərsə də müharibə dövründə bütün sahələrdə aktiv iştirak etdilər: “Sahibkar qadınlarımız pandemiya zamanı həssas ailələrə, Vətən müharibəsi zamanı orduya, erməni terrorundan əziyyət çəkən insanlara kömək edirdilər.

"Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası qısa müddət ərzində sahibkar qadınlarımızın daha da inkişaf etməsinə töhfə verib. Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır. Əlbəttə ki, sahibkarlıq fəaliyyəti göstərmək hər kəsdən bilik, təcrübə, əmək və satış bazarında yer tutmağı, rəqabətədavamlı olmağı tələb edir. Bu mənada dövlət hər bir sahibkar, o cümlədən qadın sahibkarlar üçün xüsusi dəstək proqramları həyata keçirir. Yaradılmış vəziyyətdən maksimum istifadə etmək lazımdır. Ancaq, eyni zamanda, qarşıya çıxan çətinlikləri də müəyyən etmək və onların aradan qaldırılması istiqamətində işləri daha da gücləndirməliyik. Bu gün sahibkar qadınlarımız şəhid ailələrinə, qazilərə və onların ailələrinə, əlil qadınlara və digər həssas qrupdan olan qadınlara dəstək olurlar”, - deyə o bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması tarixi ədalətin bərpası ilə yanaşı, regionda yaranmış yeni reallıqların obyektiv nəticəsi kimi qəbul edilir. Onun sözlərinə görə, işğaldan azad edilmiş 10 min kvadratkilometr ərazinin bütün resursları ilə birgə ölkəmizin iqtisadi və təsərrüfat dövriyyəsinə qəbul olunmasının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu, həm ölkəmizin qüdrətli bir dövlətə çevrilməsi istiqamətində “2030 gündəliyinin” iqtisadi-sosial əsaslarının daha da möhkəmlənməsinə, milli və iqtisadi təhlükəsizliyimizin xeyli güclənməsinə töhfə verməklə yanaşı, bölgədə sülhün təmin olunması üçün də münbit şəraitin formalaşmasının təminatlarından biri kimi çıxış edir. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi üzərində iş gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi cəlbediciliyi həm daxili, həm də xarici investisiya yatırımları üçün geniş perspektivlər açır. Müvafiq dövlət orqanları bu istiqamətdə müraciətlərin qeydiyyatı və təhlili barədə ictimaiyyəti məlumatlandırır. Həmçinin işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması yönündə ciddi addımlar atılmaqdadır. Özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın, o cümlədən qadın sahibkarlığının iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün münbit şərait var.

Dövlət Komitəsinin sədri qeyd edib ki, qadınların idarə etdiyi biznes subyektlərinin gücləndirilməsi sahəsində son illər Azərbaycan hökuməti və beynəlxalq təşkilatların səmərəli əməkdaşlığı nəticəsində xeyli irəliləyiş əldə edilib. “Düşünürəm ki, qadın sahibkarlarımız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşdiriləcək əhali qrupları ilə onların yeni şəraitdə məskunlaşması prosesinə cəlb oluna bilərlər. İlk olaraq hazırda fəaliyyət göstərən sahibkarlar artıq məskunlaşma üçün hazır olan Zəngilanın Ağalı kəndi və Ağdamda məskunlaşacaq sakinlərin tələbatına uyğun layihələr həyata keçirməlidirlər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ailə təsərrüfatlarının yaradılması qadın sahibkarlar üçün vacib gündəlik ola bilər. Təmsil etdiyim Dövlət Komitəsinin qadın sahibkarlığının inkişafı və təşkilatlanmasında iştirakını qeyd edərək bildirirəm ki, bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Eyni zamanda, Yeni Azərbaycanın Partiyasının bu mövzuda tədbirlər keçirməsini də çox əhəmiyyətli hesab edirəm”, - deyə B.Muradova vurğulayıb.

Konfransda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu gün iqtisadi və sosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün cəmiyyətdə olan qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. KOBİA olaraq, biz bu və ya digər dəstək tədbirlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını da əhatə etməsində maraqlı olmaqla yanaşı, həmin bölgələrdə qadın sahibkarlığının inkişafı üçün müvafiq dəstəyin göstərilməsinə hər zaman hazırıq.

O.Məmmədov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması fonunda qadın sahibkarların iştirakı ilə bu cür tədbirlərin və müzakirələrin təşkili vacibdir: “Düşünürəm ki, bugünkü tədbirin təşkili qadın sahibkarların Qarabağ və Şərqi Zəngəzurda biznes təşəbbüslərinin reallaşdırılması üzrə mövcud vəziyyətin öyrənilməsi, qadınların təkliflərinin dinlənilməsi və onların sözügedən iqtisadi rayonlarda sahibkarlıq fəaliyyətinin təşviqi baxımından əhəmiyyətli olacaq. Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına maraq göstərənlər qadın sahibkarlarımız da var. Bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya daxil olan 980 müraciətdən 42-si qadın sahibkarlara aiddir ki, onların da 24-ü investisiya layihələri, 18-i isə digər iş və xidmətlərin həyata keçirilməsinə aiddir. Biznes qurmaq istəyən qadın sahibkarların təqdim etdikləri layihələrin 13-ü ticarət və xidmət, 10-u sənaye, 6-sı kənd təsərrüfatı, 6-sı turizm, 4-ü tikinti işləri, 2-si təhsil, 1-isə səhiyyə sahələri üzrə olub. Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və sosial inkişafında səmərəliliyə nail olunması, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadın sahibkarların rolunu önəmli hesab edirik. Son illərdə qadın sahibkarların sayının artması sözügedən ərazilərdə məşğulluğun inkişafına yardım edəcək. Bildirmək istərdim ki, regionlarda, o cümlədən Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışında dəstək göstərilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək”.

Konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkəmizdə güclü sahibkarlıq ordusu formalaşıb. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafında özəl sektor mühüm rol oynayır. Ötən il ÜDM artımı 5,6 faiz həcmində olub. Bu artımlar daha çox qeyri-neft sektorunun inkişafı hesabına baş verir. Ötən il qeyri-neft sektorunda 7,2 faiz artıb baş verib. Qeyri-neft sənayesi isə 19 faizə yaxın artıb.

Nazir müavini qeyd edib ki, inklüziv inkişafın təməl prinsiplərinə əməl olunması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ana xəttidir. O bildirib: “Əksər ölkələrdə iqtisadiyyatda tənəzzül baş versə də, Azərbaycan iqtisadiyyatında artım baş verdi. Bunun səbəbləri pandemiya ilə əlaqədar məcburi məhdudiyyətlərin yumşaldılması, peyvəndləmə, sahibkarlara dəstək proqramı olub. Yeni iqtisadi şəraitə uyğun olaraq həyata keçirilən islahatlar, kölgə iqtisadiyyatı ilə mübarizədə həyata keçirilən tədbirlər və digər beynəlxalq təcrübədə təsdiqini tapmış mexanizmlər nəticəsində Azərbaycanda sahibkarlar ordusu formalaşıb. Bu gün Qarabağda quruculuq prosesi gedir. Bu gün bu iqtisadi potensial olmasaydı, bu proses çox çətin olardı. Özəl sektorun quruculuq prosesinə cəlb edilməsi bu işlərin sürətlə həyata keçirilməsinə zəmin yaradır. Bu gün ölkəmizdə sənayeləşmə prosesi gedir, bu, bölgələrin inkişafında mühüm rol oynayacaq. Bu istiqamətdə işlər davam etdiriləcək. Təşəbbüskar qadın sahibkarlarımızın azad edilmiş ərazilərlə bağlı müraciətləri, layihələri dəyərləndiriləcək və müvafiq dəstək göstəriləcək. Bu istiqamətlərdə görüləsi işlərimiz çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, işğaldan azad olunmuş ərazilərimizdə normal həyat şəraitini bərpa etməklə yanaşı, həmin əraziləri nümunəvi, əhalimiz və turistlər üçün cəlbedici bir bölgəyə çevirək”.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova isə çıxışında bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında aparılan quruculuq işlərinin yekun hədəflərindən biri bölgənin iqtisadi potensialından maksimum səmərəli istifadə etməklə həm də məşğulluğun təmin edilməsi olacaq. Onun sözlərinə görə, məşğulluğun tam təmin edilməsi gələcəkdə həmin ərazilərin iqtisadi mərkəzlərə çevrilməsində mühüm rol oynayacaq. Azərbaycanın aqrar sektorunda çalışan insanların təxminən yarısı qadınlardır. Bu səbəbdən azad olunmuş torpaqlarda da onların fəallığı qaçılmazdır. Böyük Qayıdışdan sonra qadınlarımız fermer, aqrar sahibkarlıq fəaliyyətləri ilə o torpaqların dirçəldilməsi işinə töhfələrini vermiş olacaqlar. İndiki məqamda artıq qadın fermerlərimiz bu prosesin bir hissəsinə çevriliblər. Belə ki, işğaldan azad edilmiş torpaqlarımızda ilk kənd təsərrüfatı fəaliyyətinin iştirakçıları arasında qadın fermerlərimiz də var.

İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialından maksimum səmərəli istifadə etməyin qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyən nazir müavini qeyd edib: “Azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması işində xüsusilə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu, həm ölkənin ərzaq təhlükəsizliyinin daha yaxşı şəkildə təmin olunması, həm də azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən ilin iyununda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Qeyd etdiyim bütün bu təsərrüfatlarda qadınlarımız da birgə təsərrüfat fəaliyyəti ilə məşğul olublar. Xüsusilə də bal süzümü, qoyunçuluq təsərrüfatlarında sağım, ilkin emal prosesində qadınlar fəal iştirak ediblər, onların təsərrüfat fəaliyyəti məqsədilə xüsusi rejim tətbiq olunan ərazilərə daxil olması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər cür köməklik göstərilib. Ötən il azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri Zəngilan və Füzuli rayonları ərazisində “Ağıllı kənd”lərin inşası olub. Hazırda Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd”in inşası başa çatmaq üzrədir, Füzuli rayonunun Dövlətyarlı kəndində isə tikinti işlərinə hazırlıq gedir. Zəngilanda inşa olunan “Ağıllı kənd” azad olunmuş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq. Nazirlik tərəfindən kəndə köçürüləcək vətəndaşların yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifatı aparılır, xüsusilə də qadın icmalarının doğma yurdlarına qayıdışdan sonra təsərrüfat fəaliyyətlərində iştirak imkanları müəyyənləşir. 30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq soydaşlarımızın həm də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğulluq imkanları “Ağıllı kənd”in layihəsində ilk gündən nəzərə alınıb. Kəndə qayıdacaq qadınlarımız torpaqlarımız azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsinin aqrar sahədə fəaliyyət göstərən ilk qadın fermerlər kimi tarixə düşəcəklər”.

Konfransda çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva ölkəmizdə sahibkarlığın inkişafına dövlət tərəfindən böyük dəstəyin verildiyini bildirib. O qeyd edib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası təsis olunduğu vaxtdan sahibkarlar və sahibkar olmaq istəyən qadınlar üçün mühüm layihələr reallaşdırıb. Belə ki, Bakıda və regionlarda qadınlar üçün biznesin inkişafına dair təlimlər, güzəştli maliyyə resurslarına çıxışla əlaqədar tədbirlər keçirilib. İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər təşkilatlarla birgə sahibkarlara dəstək məqsədilə görülən işlər müsbət nəticələr verib.

S.Babayeva çıxışında sahibkar qadınların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirmək istədikləri biznes layihələrini də təqdim edib. Həmin layihələr tekstil, kənd təsərrüfatı məhsullarının emalı, quşçuluq təsərrüfatı, turizm, sığorta və digər sahələri əhatə edir. O, qadın sahibkarların azad olunmuş ərazilərimizin iqtisadiyyatının inkişafına töhfələr verəcəyini vurğulayıb.

Konfransa yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu barədə maraqlı müzakirələrin, fikir mübadiləsinin aparıldığını bildirib. Onun sözlərinə görə, qadın sahibkarlar tərəfindən təqdim olunmuş layihələr xüsusilə cəlbedicidir. Belə ki, bu layihələrin icrası işğaldan azad olunmuş ərazilərimizə qayıdacaq əhalinin tələbatını ödəməklə yanaşı, yeni iş yerlərinin yaradılması, insanların məşğulluğunun təmin olunması, sosial rifahının yüksəlməsi, iqtisadiyyatın inkişafı baxımından önəmlidir. YAP Sədrinin müavini bu layihələrin həyata keçirilməsi işində qadın sahibkarlara uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti