...

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli cinayətdir - Deputat

Siyasət Materials 23 Fevral 2022 20:17 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Xocalı soyqırımı təkcə Azərbayca xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli bir cinayətdir. 1992-ci il fevral 26-sı qarlı-şaxtalı bir gecədə insanlığını itirmiş, vəhşiləşmiş erməni silahlı birləşmələri günahsız, əliyalın insanlarımızın üzərinə hücum çəkərək tarixin ən qanlı cinayətlərindən birini törətdi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, dünya tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür.

“Xocalı soyqırımının qurbaqnlarının günahı yalnız azərbaycanlı olmaq idi. Vəhşiləşmiş erməni hərbi birləşmələri həmvətənlərimizi milli mənsubiyyətinə görə qəddarlıqla, amansızlıqla qətlə yetirdilər. Düşmən o qədər vəhşiləşmişdi ki, gözünə nə uşaq, nə qadın, nə qoca görünürdü, qarşısına çıxan hər kəsi qəddarlıqla qətlə yetirirdi. Xocalı zamanı ermənilərin törətdiyi vəhşiliklər heç bir çərçivəyə sığmır, bəşəriyyət tarixinin ən qanlı və ən qəddar cinayətlərindən biridir.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Ermənilər Xocalıda təkcə insanlarımıza qarşı deyil, tariximizə, mədəniyyətimizə qarşı da cinayət törədib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib”, - deyə deputat bildirib.

Deputat vurğulayıb ki, Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib.

“Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.

Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar”, - deyə A.Həsənova bildirib.
Deputat qeyd edib ki, Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır.

“Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, ehtiramla anır. Ermənilər Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin bu məkirli niyyəti xalqımızın mübarizə əzmini daha da gücləndirdi, xalqımız nəinki itirilmiş torpaqlarımızı unutmadı, bununla barışmadı, əksinə o torpaqlar uğrunda canından keçməyə hər zaman hazır oldu, vətənpərvər ruhda yetişən gənc nəsil xalqımıza qarşı törədilən bu qanlı cinayətin qisasını almaq üçün həmişə hazır oldular.
44 günlük Vətən müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti