...

ABŞ prezidenti Novruzu qeyd edən xalqları təbrik edib (FOTO)

Siyasət Materials 18 Mart 2022 14:52 (UTC +04:00)
ABŞ prezidenti Novruzu qeyd edən xalqları təbrik edib (FOTO)

Bakı. Trend:

17 mart tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan, səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Antoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.

Dövlət katibi Antoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini qeyd edib. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer Novruz proqramını təşkil edən səfirliklərə təşəkkürünü bildirərək ABŞ və Novruzun qeyd edildiyi digər regionlara öz təbriklərini çatdırıb. O, qarşılaşdığımız çətin zamanlarda Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik və azadlıq kimi birgə dəyərlərə səslədiyini qeyd edib.

ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Müdafi Katibi Lloyd Oustinin adından Novruz təbriklərini çatdıraraq, bu il region ölkələri ilə diplomatik və müdafiə sahəsində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət çəkmiş, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində töhvələri yüksək qiymətləndirmişdir. O, 20 il ərzində ABŞ-ın Əfqanıstanın stabilliyi və hərbi əməliyyatları zamanı Əfqanıstanın stabilliyinə dəstək verən Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirmişdir. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu bildirmişdir.

ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun birgə məram və dəyərləri birləşdirdiyini, sülh və həmrəyliyə səslədiyini vurğulamışdır. O, Konqresində Xarici İşlər Komitəsinin sədri qismində qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün birlik və tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirmişdir.

Daha sonra, Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirləri, Qazaxıstan və Türkiyənin səfir müavinləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırdılar.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Novruz bayramının təbiətin, insanların, fikirlərin yenilənmə zamanı olduğunu bildirərək ölkəmizdə bu dəyərin yüksək qiymətləndirildiyini qeyd etmişdir. Səfir Prezident İlham Əliyevdən sitat gətirərək, Novruz bayramının Azərbaycan xalqının dünya görüşü, gələcəyə nikbinliyi və milli birliyinin təcəssümü olduğunu bildirmişdir. O, Azərbaycan ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümündə bu xüsusi bayramın qardaş dövlətlərlə birlikdə keçirilməsinin əhəmiyyətini qeyd etmiş, daha yaxşı gələcək üçün Novruz dəyərlərinin təcəssüm etdirən əməkdaşlığın güclənəcəyinə əminlik ifadə etmişdir.

Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video reportajlar yayımlanmışdır. Azərbaycan Respublikasının tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə rəhbərlik etdiyi “Şur Trio” qrupu ilə birlikdə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa etmişdir.

Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləmişdir. Tədbirdən sonra, ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti