...

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti altında görülür - Sevil Mikayılova

Siyasət Materials 13 Aprel 2022 17:21 (UTC +04:00)
Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti altında görülür - Sevil Mikayılova

Bakı. Trend:

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycana qarşı olan ikili standartlar bu gün də özünü fərqli formalarda göstərir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev aprelin 12-də keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir sıra önəmli məqamlara toxdundu.

"30 il işğal altında qalmış torpaqları azad etmiş Azərbaycanın qarşısında duran əsas məsələ azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Minaların təmizlənməsi üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında bir çox işlər görülüb. Minalardan təmizləmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub. Yeni texnikanın alınması təmin edilir, o cümlədən, ən müasir texnika, dronlar və digər müasir cihazlar alınır və bu proses davam edir", - deyə deputat əlavə edib.

S.Mikayılova bildirib ki, minatəmizləmə prosesi sürətlə aparılsa da, müharibə bitdikdən sonra 200-ə yaxın insan Ermənistanın mina terrorunun qurbanı olub: "Bu məsələdə də Azərbaycana qarşı ikili standartları müşahidə edirik. İşğal dövründə Azərbaycan beynəlxalq təşkilatlara, böyük dövlətlərə müraciətlər edərək, məsələnin sülh yolu ilə həllinə çalışdı, amma bütün bu cəhdlər bəhrə vermədi və nəticədə Azərbaycan özü hərbi-siyasi yolla işğala son qoydu. Bu gün isə dünyada minatəmizləmə ilə məşğul olan heç bir təşkilat Azərbaycana yardım göstərməyib. Bir növ bu humanitar problemi görməzdən gəlirlər. Bu da Azərbaycana qarşı növbəti ikili standartların təzahürüdür".

Deputat əlavə edib ki, azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətli şəkildə aparılır, hüquqları pozulmuş keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtması üçün Prezident İlham Əliyevin tapşırığı və birbaşa nəzarəti ilə bütün işlər görülür.

"Bəs niyə humanizmdən danışan beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycana heç bir yardım təklif etməyib? İnsan haqları məsələsində fəallıq göstərən nüfuzlu beynəlxalq qurumlar nə üçün susqundur? Azərbaycan lazımi vəsaiti ayırıb, lazımi texnikaları özü alıb, bu təşkilatlar isə heç mütəxəssislərlə belə kömək etmək barədə təşəbbüs göstərmirlər. Bu gün dünyada bir çox münaqişələr gedir, xüsusən, Ukraynada baş verən hadisələrdə bu təşkilatların məsələlərə necə həssaslıqla yanaşdıqlarını görürük. Əslində, beynəlxalq birlikdə insan faciəsinə münasibətdə hansı standartları rəhbər tuturlar, bilmək maraqlı olardı. Müxtəlif coğrafiyalarda baş verən prosesləri izləyən Azərbaycan ictimaiyyəti bu laqeydliyin səbəblərini başa düşməyə çalışır", - deyə S.Mikayılova bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz maliyyə imkanları hesabına bərpa edir və sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün planlar zamanla həyata keçiriləcək.

"Azərbaycan dövləti və cəmiyyəti bu ikili standartları görür və nəticə çıxarır ki, 30 il ərzində ölkəmizə münasibətdə sərgilənən bu ənənvi yanaşma dəyişməyib. Lakin Azərbaycan öz problemlərini həll etmək gücündə və iqtidarında olan ölkədir, 44 günlük müharibədə qazandığımız tarixi Zəfər bunu aydın şəkildə göstərdi", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti