Bakı. Trend:
Aprelin 22-də Bakı Slavyan Universitetinin (BSU) Bolqar Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
BSU-nun Humanitar və sosial elmlər fakültəsinin “Regionşünaslıq” ixtisasında tədris olunan ölkələrlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində keçirilən “dəyirmi masa”da ali məktəbin professor-müəllim heyəti və bolqarşünas tələbələr iştirak ediblər.
BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tədbiri açaraq Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin əhəmiyyəti haqqında danışıb. Bildirib ki, bu əlaqələr 1992-ci il iyun ayının 5-də rəsmi şəkildə qurulub.
R.Novruzov ikitərəfli əlaqələrin elm, təhsil, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini, bu əlaqələrin inkişafında Bakı Slavyan Universitetinin böyük rolu olduğunu, universitetdə bolqar dilinin müvəffəqiyyətlə tədris edildiyini vurğulayıb.
Tədbirdə BSU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova çıxış edərək bu ali məktəbdə bolqarşünaslığın tədrisi haqqında danışıb. Qeyd edib ki, rəhbərlik etdiyi fakültənin nəzdindəki “Regionşünaslıq” ixtisasında bolqarşünaslığın tədrisi 2004-cü ildən başlayıb: “Həmin ildən BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz Bolqarıstanın Azərbaycandakı səfirliyinin köməyi ilə yaradılıb. 2004-cü il oktyabrın 7-də Bolqarıstanın Prezidenti Georgi Pırvanovun iştirakı ilə mərkəzin açılış mərasimi olub.”
Tədbirdə çıxış edən BSU-nun Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Habil Məmmədov Azərbaycanla Bolqarıstanın siyasi-iqtisadi, mədəni əlaqələri, Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd isə müasir dövrdə iki ölkə münasibətlərinin inkişaf dinamikası haqqında danışıblar.
“Dəyirmi masa”da BSU-nun Slavyan filologiyası kafedrasının bolqarıstanlı baş müəllimləri Bisserka Veleva, İrina Pçelintsına çıxış edərək iki ölkənin təşəbbüsü ilə keçirilən mədəni tədbirlər, bolqar dilinin Azərbaycanda tədrisindən söhbət açıblar.
Çıxış edən BSU-nun Jurnalistika kafedrasının müdiri, professor Vüqar Rəhimzadə tədbirin olduqca maraqlı mövzuya həsr olunduğunu vurğulayıb: “Burada edilən məruzələr tələbələr üçün də çox maraqlıdır. “Dəyirmi masa”da diplomatik münasibətlərin 30 illiyi ərəfəsində olan proseslərlə, həmçinin siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da dərinləşməsi sahəsində kifayət qədər zəngin statistik faktlarla tanış olduq. Hesab edirəm ki, tələbələr bu məlumatları davamlı və sistemli şəkildə xatırlayacaqlar. Bu, onların gələcəkdə yaxşı mütəxəssis kimi formalaşmasında xüsusi önəm kəsb edən faktorlardan biridir.”
V.Rəhimzadə bildirib ki, Bakı Slavyan Universiteti hər bir pedaqoq və tələbə üçün çox yaxşı bir ənənənin başlanğıcını qoyur: “Təklif edirəm ki, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibəti ilə Bolqarıstanın Azərbaycandakı səfirliyinin və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə bolqar dilində təhsil alan tələbələr arasında inşa yazı müsabiqəsi keçirilsin. Qalib tələbə üçün Bolqarıstana səfər təşkil olunsun. Bu, həm də tələbələrimizin bolqar dilini daha yaxşı mənimsəmələrinə kömək edərdi.”
Tədbirdə BSU-nun Bolqar Dili və Mədəniyyət Mərkəzinin hazırladığı videoçarx nümayiş etdirilib.