...

Prezident İlham Əliyev: Hazırda əsas diqqətimiz Qarabağın yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin tezliklə qayıtmasına yönəlir

Siyasət Materials 29 Aprel 2022 10:34 (UTC +04:00)
Prezident İlham Əliyev: Hazırda əsas diqqətimiz Qarabağın yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin tezliklə qayıtmasına yönəlir

Bakı. Trend:

Hazırda əsas diqqətimiz Qarabağın yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin tezliklə qayıtmasına yönəlir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Eyni zamanda, ictimaiyyət qarşısında açıqlanmış və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişafa, Cənubi Qafqazda onun yeni imkanlarına yönəlir. Nəinki Azərbaycan ilə Ermənistan arasında, - əlbəttə ki, bu, regional əməkdaşlığın ən vacib elementlərindən biridir, - o cümlədən bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlıq nəzərdə tutulur. Biz separatizm, erməni təcavüzü səbəbindən otuz il həmin fürsəti əldən qaçırmışıq. Cənubi Qafqaz inteqrasiya etməmişdir. Bəli, Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Bu, vacibdir. Lakin, eyni zamanda, hesab edirəm ki, Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər. Mən bunu ona görə söyləyirəm ki, aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər olub. Biz xarici işlər nazirləri səviyyəsində görüşü təklif etmişik. Ermənistan imtina etdi. Sonra təklif olundu ki, bu görüş ekspertlər səviyyəsində keçirilsin. Ermənistan yenə imtina etdi. Sonra təklif etdik ki, vətəndaş cəmiyyəti səviyyəsində görüş təşkil olunsun. Bir daha Ermənistan imtina etdi. Bu, tərəfdaşlarımıza məlumdur. Səbəbini başa düşmürük, niyə? Bilirik ki, bu imtina əks nəticə verir. Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi. Region üçün maliyyə zərfinə gəldikdə, enerji və daşımalar marşrutlarını nəzərə alsaq, Azərbaycan və Gürcüstanın necə inteqrasiya etdiyini siz bilirsiniz. Bu sahədə siz yaxşı ekspertsiniz. Hesab edirəm ki, Ermənistanın regional inkişafın bir hissəsi olması üçün bu ölkəni dəvət etməyə imkan var. Onlar bundan faydalanacaqlar. Onlar enerji resurslarımıza çıxışdan bəhrələnə, müəyyən dərəcədə beynəlxalq daşımalar dəhlizinin bir hissəsinə çevrilə bilərlər. Bu isə, öz növbəsində, əlavə dəyər gətirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti