...

Könül Nurullayeva İƏT PA-nın komitə iclasında Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsini bölüşüb (FOTO)

Siyasət Materials 18 May 2022 09:48 (UTC +04:00)
Könül Nurullayeva İƏT PA-nın komitə iclasında Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsini bölüşüb (FOTO)

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında komitə iclasları keçirilib. Qadın, gənclər və mədəni məsələlər üzrə Komitənin təsis iclasında “Pandemiyadan sonrakı dövrdə əməkdaşlıq: Çətinliklər və bərpa imkanları” mövzusunda müzakirələr aparılıb.

Trend-in məlumatına görə, iclasa sədrlik edən deputat Könül Nurullayeva Azərbaycanın Sədrliyi çərçivəsində İƏTPA komitələrinin ilk iclaslarının keçirilməsini əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, komitə iclaslarının fəaliyyətə başlaması İƏTPA-nın institusional inkişafına mühüm töhfədir. Deputat bildirib ki, ötən ilin iyununda Pakistanda keçirilən 2-ci Ümumi Konfransda İƏTPA-nın 3 Komitəsinin yaradılması razılaşdırılıb.

İclasda iştirakçıların pandemiya ilə mübarizəyə dair qısa bəyanatları dinlənilib. Sonra K.Nurullayeva ölkəmizin təcrübəsini bölüşüb. Deputat bildirib ki, Azərbaycan pandemiyanın başladığı ilk günlərdən məsələyə strateji yanaşma sərgilədi, insanların sağlamlığının qorunması əsas prioritet kimi götürüldü.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri minimuma endirmək üçün vaxtında və uğurlu tədbirlər reallaşdırıldı.

K.Nurullayeva bildirib ki, pandemiya qadınlar və qızlar üçün də dağıdıcı sosial - iqtisadi nəticələrə səbəb olur. Təsadüfi deyl ki, dünyadakı hər beş qadının təxminən biri son bir ildə zorakılığa məruz qalıb: “Bununla bağlı, hətta BMT-nin baş katibi Antonio Quterreş bütün ölkələri COVİD-19 pandemiyası zamanı artan gender əsaslı zorakılıq hallarına qarşı tədbirlər görməyə çağırıb. Hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni qadınlar təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır. Lakin eyni zamanda, insanların İT sahəsində bilik və bacarıqları artmağa başladı, sahibkarlıqla məşğul olan qadınlar elektron resurslardan istifadə etmək bacarıqlarını artırdı, hazırladıqları məhsul üçün satış bazarının tapılması, reklam işlərinin təşkili üzrə biliklərini inkişaf etdirdilər. Ailədə ünsiyyətin, rol və vəzifələrin düzgün bölüşdürülməsi prosesi reallaşmağa başladı”.

Deputat bildirib ki, qadınların hüquq və azadlıqları güclü-dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir. K.Nurullayeva həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən bərpası və qurulmasına da toxunub. O diqqətə çatdırıb ki, bölgədə açılacaq kommunikasiya və loqistika layihələri, eləcə də kiçik və orta biznesin inkişafı, yeni müəssisələr işsizlik səviyyəsini getdikcə azalacaq: “Eyni zamanda, bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq”.

Pandemiyanın gənclərlə iş sahəsinə də təsirini qeyd edən K.Nurullayeva bildirib ki, birinci aspekt gənclərin psixi durumu və gələcəklərinə olan qeyri-müəyyənliyi ilə bağlıdır. O qeyd edib ki, xüsusilə universiteti yeni bitirən gənclər təhsil və karyeraları ilə əlaqədar qorxu yaşayırlar:

"Belə məsələlərin qarşısını almaq üçün müxtəlif yaş qruplarından olan gənclər, əsasən də məktəb məzunları, ali məktəblərə daxil olmamış birinci kurs tələbələri üçün çoxlu sayda seminarlar keçirilə bilər: “Bundan əlavə, pandemiya əhalidən həyat tərzini dəyişməyi tələb edən bir vəziyyət yaradıb. Ümumiyyətlə, gənclər digər demoqrafik qruplarla müqayisədə daha çox öz davranışlarını və həyat tərzlərini dəyişməyə hazırdırlar. Məsələn, gənc nəsil onları iş yerinə bağlamayan və çevik qrafikə malik olmağa imkan verən məşğulluq formasını seçməyə daha çox meyllidir.”

Deputat bildirb ki, pandemiya dövründə gənclər və qadın problemləri ilə yanaşı, iqtisadiyyatın inkişafında xüsusi rolu olan mədəniyyət sahəsi də ən çox zərər çəkmiş sahələrdən hesab olunur. Muzeylər, səhnə sənətləri, canlı musiqi, festivallar, kinoteatrlar və s. kimi sektorlar həyata keçirilən sosial məsafə tədbirlərindən ən ağır zərbələri aldı. Deputat Azərbaycan hökumətinin bu sahədə yaranmış problemləri aradan qaldırmaq üçün həyata keçirdiyi tədbirlə barədə də məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti